​Almaniya rəsmisi: "Silahların PKK-ya verilməsini nə təsdiqləyə, nə də inkar edə bilərəm"

​Almaniya rəsmisi: "Silahların PKK-ya verilməsini nə təsdiqləyə, nə də inkar edə bilərəm" Almaniya XİN sözçüsü "Patriot"ların Türkiyədən çıxarılmasına aydınlıq gətirib
Region
17 Avqust , 2015 20:31
​Almaniya rəsmisi: Silahların PKK-ya verilməsini nə təsdiqləyə, nə də inkar edə bilərəm

Bakı. 17 avqust. REPORT.AZ/ "Patriot" və müdafiə birliklərinin Kahramanmaraşdan çıxarılması Almaniya, ABŞ və Türkiyənin birgə qərarıdır.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şafer Berlində federal mətbuat mərkəzində hava hücumundan müdafiə qüvvələrinin Türkiyədən çıxarılacağa haqda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Türkiyə ilə ikitərəfli və NATO çərçivəsində əlaqələrimizi əvvəllər olduğu kimi eyni şəkildə davam etdirəcəyik. Almaniya savaş bölgəsindən bir neçə min kilometr uzaqdadır. Türkiyə isə azından beş ildir Suriyadakı dramatik müharibə ilə baş-başa qalıb. Bu müddətdə milyonlarla suriyalı qaçqını qəbul edib" , - o vurğulayıb.

O, "Patriot"ların Türkiyədən çıxarılmasının həll prosesinin dayanması (çözüm sürəci) ilə heç bir əlaqəsinin olmadığını deyib.

O, "Peşmərgəyə (İraqın şimalındakı kürd silahlılarına- "Report") göndərilən silahların PKK-nın əlinə keçməsi" ilə bağlı sualı belə cavablandırıb: "Mən bunu nə təsdiqləyə, nə də inkar edə bilərəm. Biz peşmərgəyə silahı "İŞİD"dən müdafiə olunmaları üçün göndərmişik. Əgər kənarda bu silahlardan başqa məqsəd üçün istifadə olunursa, onu bölgədəki (İraqın şimalındakı muxtar bölgəni nəzərdə tutur- "Report") hökumətlə görüşlərdə gündəliyə gətirib açıq-aşkar müzakirə etmək lazımdır".

Xatırladaq ki, Almaniya 2,5 ildir Türkiyənin Kahramanmaraş şəhərində yerləşdirdiyi "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmaq qərarına gəlməsi haqda xəbərlər yayılıb. Rəsmi Berlin buna səbəb kimi Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığı göstərib. Almaniya Müdafiə Nazirliyidə xəbəri təsdiqləyib. Nazirlik sözçüsü Türkiyənin cənub-şərqində NATO-nun missiyası çərçivəsində xidmət göstərən 250 alman hərbçisinin də növbəti aylarda çıxarılacağını açıqlayıb.

Qeyd edək ki, ötən il Hollandiya da Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığını əsas gətirərək Adanadakı "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmış, əvəzində İspaniyadan "Patriot" raketləri gəlmişdi. Almaniyadan sonra ABŞ və İspaniyanın da ilin sonunadək "Patriot" raketlərini Türkiyədən çıxarması gözlənilir.

Xatırladaq ki, Almaniya, ABŞ və Hollandiyaya məxsus "Patriot" raketləri 2013-cü ilin yanvarında NATO missiyası çərçivəsində Türkiyəyə yerləşdirilib. Suriyadan gələn təhdidlərə qarşı Türkiyənin tələbi üzərinə yerləşdirilən "Patriot" raketləri indiyədək istifadə edilməyib.

Son xəbərlər

Orphus sistemi