​AKP funksioneri: “Erməni miqrantlar Türkiyəyə azərbaycanlı adı ilə gəlir” - MÜSAHİBƏ

​AKP funksioneri: “Erməni miqrantlar Türkiyəyə azərbaycanlı adı ilə gəlir” - MÜSAHİBƏ “İlk qadın hərəkatları və qadınların sivil dünyada təmsil olunması ənənəsi bizə Azərbaycandan gəlib”
Region
21 Noyabr , 2014 12:06
​AKP funksioneri: “Erməni miqrantlar Türkiyəyə azərbaycanlı adı ilə gəlir” - MÜSAHİBƏ

“İlk qadın hərəkatları və qadınların sivil dünyada təmsil olunması ənənəsi bizə Azərbaycandan gəlib”

AKP funkisoneri: “Erməni soyqrımı”ABŞ-ın Türkiyəyə silah satması üçün şantajdır”

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) funksioneri, keçmiş millət vəkili Canan Kalsının “Report”a müsahibəsi

-AKP-nin qadın millət vəkillərindən biri olmusunuz. Partiya funksioneri olaraq, AKP ilə yollarınızı davam etdirirsiniz. Qadın olaraq siyasətin mərkəzində olmaq çətin deyil ki?

-Türkiyədə çoxpartiyalı sistemə keçidin əsası qoyulandan bu yana, qadın millət vəkili ən çox AKP hökumətində təmsil olunub. Parlamentdəki təmsilçilikdə qadınların yeri olduqca önəmlidir. Qadın olmayan yerdə cəmiyyətdə heç bir quruculuqdan söhbət gedə bilməz. Bu məsələ partiyamızda olduqca əhəmiyyətli məsələlərdən biri kimi öz yerini tutub. Ona görə də hazırda AKP içərisində olan qadınlar önəmli vəzifələrdə təmsil olunurlar. Məsələn, üç önəmli komitə başçısı qadındır. Bundan sonra da bu xəttin partiyamızda inkişaf edəcəyini əminliklə demək olar. Siyasətin qadınlara uyğun olmadığını demək isə yanlışdır. Qadınlar üçün xüsusi bir çətinliyin olduğunu düşünmürəm.

-Türkiyə çoxpartiyalı sistemə keçəndən sonra ən uzun müddət hökumətdə olan partiya funksioneri olduğunuz AKP-dir. Bu qədər müddət hökumətdə qalmağı bacaran partiyaya da tənqidi yanaşırsınızmı?

-Əlbəttə ki, bəzi nüanslar olur. Heç kəs ideal deyil, zaman-zaman insan özü də öz səhvlərini anlaya bilər. Önəmli olan etdiyin səhvləri anlamaq və özünə tənqidi yanaşmağı bacarmaqdır. Səhv etmək insanın təbiətindən irəli gələn bir şeydir. Siyasətin də arxasında insan faktoru durur, burada da müəyyən yanlışların olması təbii bir şeydir. AKP olaraq atacağımız önəmli addımları hər zaman cəmiyyətə təqdim edirik. İnsanların verəcəyi reaksiya ilə hansı addımın səhv olduğunu anlayırıq. Səhv etməkdən qorxmaq lazım deyil. Əgər məqsədiniz doğruluqdursa, verəcəyiniz qərarlarda bəzən səhvlərə yol vermək təbii bir şeydir və həll olunandır. Yetər ki, siz hər zaman insanlara səslənərkən səmimi olun. O zaman insanları inandırmaq çox asan olur. Biz islam dəyərlərini, müsəlman ölkələrini qorumağın önəmindən danışıb bunun ziddinə bir addım atsaq, bu, riyakarlıq olar və insanlar bizə heç zaman güvənməz. Biz türk dövlətləri ilə olan ortaq dəyərlərimizi qorumağın vacib olduğunu deyib buna zidd addım atmağımız riyakarlıq olar.

-Türk və müsəlman toplumlara hər zaman yaxın olduğunuzu deyirsiniz. Türkiyənin bu dövlətlərlə dostluq etməsi hökumət olaraq sizlərə problem yaratmır ki?

-Biz hər zaman türk və müsəlman ölkələrini diqqət mərkəzində saxlayırıq. Bu, bizim ənənəmizdir, Osmanlı əxlaqıdır bu. Məsələn, bizim Azərbaycanla ortaq dəyərlərimiz və köklərimiz var. Osmanlı dönəmində ilk türkçü hərəkatlar məhz sizin ölkənizdən bura gəlib, ilk qadın hərəkatları və qadınların sivil dünyada təmsil olunması ənənəsi bizə Azərbaycandan gəlib. Buradakı türklük düşüncəsinin formalaşması sizin ölkənizlə bağlıdır. Bütün bunlar imkan verməz ki, Türkiyə Azərbaycanı yaddan çıxarsın, unutsun. Bu gün Suriyada baş verənlərə də səssiz qala bilmərik. Çünki, onlarla da eyni dini dəyərləri yaşayırıq, Türkiyədə yaşayan və Suriyadakılarla eyni etnik kimliyi paylaşan milyonlarla insan var. Kobanidəki insanların öldürülməsinə göz yuma bilmərik. Ola bilsin ki, Fələstinə dəstək olmağımıza görə, əzilənlərin yanında olmağımıza görə maddi olaraq nələrsə itirmişik. Bu dünyada mənəvi şeylər maddi şeylərdən daha bahadır. Maddi mənada itkilərimizi göz önünə alaraq, üstün tutduğumuz həmin mənəvi dəyərlər gələcək zamanda quracağımız birliklərin təməlləridir. Qısa müddətli itkilər, uzun müddətli qazanclar deməkdir.

-Türkiyənin Suriyadakı məsələlərə müdaxilə etməsi həmin ölkənin öz müqəddəratını təyin etməsinə nə qədər kömək edəcək?

-Əvvəlcədən deyim ki, bu suala verəcəyim cavab mənim şəxsi fikirlərimi əks etdirir. Belə düşünürəm ki, hazırda Suriyada gedən proseslər Tunisdən başlayan inqilab dalğasının tərkib hissəsidir. “Ərəb baharı” adlandırılan bu olayların hamısının səbəbi olaraq baş verdiyi ölkələrdə sərvətlərin ədalətsiz bölüşdürülməsi, insanların qeyri-demokratik mühitdən bezməsi və hökumətlərini dəyişmək istəməsi göstərilir. Bir çox ölkələrdə buna nail oldular, ancaq bu nailiyyət kosmetik xarakterli idi. Hökumətləri idarə edən şəxslər dəyişib, ancaq sistemlər dəyişməyib. Başlar dəyişib, bədənlər, dövləti idarə edən əllər olduğu kimi qalıb. Hətta, bəzilərində vəziyyət daha da pis hala gəlib çıxıb. Suriya, ikinci məhz bu ölkələrdən biri oldu. Əgər bu qədər ölkələrdə bu cür inqilab cəhdləri fayda verməyibsə, demək ki, demokratiya artıq klassik nəzəriyyədəki mənanı ifadə etmir. Müasir dünyada demokratiya istehsal gücünə sahib olmaq deməkdir, daha çox yol, daha çox liman, daha çox yatırım deməkdir. İkinci dünya müharibəsindən məhv olmuş vəziyyətdə çıxan ölkələrdən olan Yaponiya və Almaniya nümunəsi var. Bu ölkələr isbat edib ki, istehsal gücünün artırılması ilə bütün şeylərə sahib olmaq və sıfırdan da olsa başlamaq mümkündür.

-Bir neçə gün öncə Ermənistan ordusuna məxsus hərbi helikopter Azərbaycan hərbçiləri tərəfindən təmas xəttində vuruldu. Bu xəbər nədənsə, “CNN-Türk” başda olmaqla Türkiyənin KİV-lərində Qarabağdakı rejimə aid helikopter Azərbaycanda vuruldu” başlığı ilə yayımlandı. Sizin fikrinizcə, bunun səbəbi nədir, arxasında nə dayanır?

-Təəsüflər olsun ki, “CNN-Türk” kimi bir sıra media qurumları öz maraqlarına xidmət edirlər. Onlar Türkiyəni təmsil etmir, hətta Türkiyənin əleyhinə fəaliyyət göstərir. Ağacların kəsilməsinə görə küçəyə çıxan insanları durmadan efirdə göstərənlərin Qəzzada insanların ölməsini gizlətməyə çalışması, efirdə bununla bağlı bircə söz belə olsun verilməməsi onların hansı vicdana sahib olduğunu göstərir. Şərq ölkələrində təbii resurslar daha çoxdur, dünyanı idarə edənlər bu ölkələrin istehsal gücünün artırmasını istəmirlər. Bu gün Türkiyə istehsal gücünü artırmağa başlayıb. Türkiyə hər zaman böyümək imkanı əldə edən kimi, ölkəmizi bir-birinə qatırlar. Hərbi çevirilişlər edirlər, ölkədə iqtisadi böhran yaradırlar. Sanki, bir əllər Türkiyənin üzərindədir və böyüməsinə imkan vermir.

-Kimindir bu əllər?

-Türkiyə silah sənayesini yenidən dirçəldib, özümüz F16-lar istehsal edirik. Dünya silah istehsalında liderliyə sahib ABŞ əlbəttə ki, bu vəziyyətdən narahat olacaq. Bir zamanlar ABŞ bizə deyirdi ki, siz yollar çəkin, tikinti sektoru ilə məşğul olun, bir az təhsil, bir az səhiyyə ilə maraqlanın, bəsinizdir. Türkiyənin silah sənayesini yaratması onlara sərf etmir. Şərq ölkələrində bankçılıq sektoru inkişaf etmədiyinə görə, həmin ölkələrə aid pullar qərb ölkələrindəki banklara göndərilir, orda istehsal edilən silahlar şərq ölkələrinə satılır. Özlərinin istehsal etdiyi silahları bizim ölkələrdə sataraq pul qazanırlar. Buş ailəsinin silah sənayesi ilə məşğul olmasını bütün dünya bilir. Onlar Taliban ilə alış-veriş edəndə, ortaq olanda yaxşı idi, Taliban sonradan pis oldu? ABŞ başda olmaqla bu güclər yaratdıqları hər şeyin əvvəlcə antitezini yaradırlar. Antitezə əsaslanaraq İŞİD-i, Talibanı özlərinə düşmən elan edirlər. Adlarını çəkdiyim o silahlı qruplar şərq ölkələrinə soxulduğu üçün onlarla savaşmaq adı ilə ölkələri viran qoyurlar, işğal edirlər. İŞİD-in hansı silahlardan istifadə etdiyini bütün dünya bilir. Bunlar nəyin mübarizəsini aparırlar?

-Gələn il ermənilərin soyqırımı iddialarının 100-cü il dönümüdür. İddialarında daha da irəli gedərək Türkiyəyə edilən təzyiqlərin hər zamankından daha çox olmasına çalışacaqlarını yəqin etmək olar. Hakim partiya təmsilçisi olaraq bununla bağlı nə düşünürsünüz?

-Qondarma erməni soyqırımı iddialarına qarşı fəaliyyətimizə 2004-cü ildən başlamışıq. Arxiv materialları əsasında çəkdiyim sənədli filmi 9 dilə tərcümə etmişik və diplomatik təmsilçiliklərimiz vasitəsilə dünyada yayılmasına çalışmışıq. Bu çalışmalarımız yenə də davam edir. Ermənilərin 2015-ci ildə qondarma soyqırımı iddiaları ilə bağlı dünyaya səs sala biləcək film çəkmək niyyətində olduqlarını təxmin edirəm. Erməni soyqrımı məsələsi ermənilərin maraqlarından daha çox onların lobbiçilik fəaliyyətinin əsas mərkəzi olan ABŞ-ın maraqlarına xidmət edir. Açıq şəkildə deyirəm, bu soyqırımı iddialarının ABŞ konqresi tərəfindən qəbul edilməsini əldə təhdid kimi tutaraq, Türkiyənin ABŞ-dan hərbi təyyarələr və silahlar almasını təmin etmək istəyirlər. Bu soyqırımı iddiaları alver alətidir. Ermənistanın maddi məsələləri lobbiləri tərəfindən həll edildiyi üçün onlar da gəlib bu soyqırımı məsələsində istifadə edilən oyuncaq vəziyyətinə düşüblər.

-ABŞ dövlət başçısı Barak Obama dünyadakı müsəlman ölkələrlə bağlı çox zaman Türkiyəni örnək göstərib. Ancaq sonuncu dəfə göstərdiyi ölkə İndoneziya oldu. Necə düşünürsünüz, bu fakt az öncə dediyiniz təhdidlərə bənzəyən bir mesajdırmı?

-Bunu təhdid olaraq görmürəm. İndoneziyanın da son zamanlar bu məsələdə uğurlu olduğunu düşünürəm. Belə nümunələrin artması çox gözəldir. Bu cür ölkələrin daha çox olmasını arzulayırıq.

-Ermənistan vətəndaşı olan müğənni bir neçə gün öncə Türkiyəyə gələrək burada konsert verib. Konsertdən sonra erməni kliplərinin Türkiyədə yayımlanmasının önəmindən bəhs edən bir sıra tədbirlər keçirilib. Bu qədər açıqlığı nə ilə izah etmək olar? Bütün bunları yaxın müddətdə sərhədlərin açılacağına işarə saymaq olarmı?

-Babaların, ataların törətdiyi cinayətlərin cəzasını övladı çəkməli deyil. Biz ermənilərlə uzun illər bir yerdə yaşamışıq. Onlarla heç bir problemimiz olmayıb. Bir bölgədə yaşamışıq, eyni yeməkləri yemişik. Digər dövlətlərin aramızı vurmasından sonra bu məsələlər ortaya çıxıb. Sərhədlər açılmadığı üçün Ermənistan kasıb ölkə vəziyyətində qalır və diasporları onlara hər istədiklərini diktə edir. Sərhədlər açılsa, özlərini idarə edəcək pulları olsa, diaspordan asılı olmayacaq.

-Ermənistanın iqtisadi azadlığının onlara siyasi azadlıq gətirəcəyini düşünürsünüz?

-Bəli, özlərini təmin edəcək pulları olsa, siyasətlərində də müstəqilləşmə olacaq. Bu məsələni ermənilərlə yaxınlaşma olaraq qiymətləndirmək düzgün olmaz. Bunun adı dialoqdur və bu, yaxınlaşma deyil.

-Türkiyədə işləyən, pul qazanan erməni miqrantları haqqında nə deyə bilərsiniz?

-Onlar ölkəmizə gizli yollarla gəlirlər. Çoxları da erməni olduqlarını gizlədirlər. Böyük bir hissəsi ölkəmizə azərbaycanlı adı ilə gəlir. Biz onların azərbaycanlı, yaxud erməni olduğunu bilmirik. Azərbaycan dilini də bildikləri üçün, onları ayırmaq çətin məsələdir. 

Son xəbərlər

Orphus sistemi