Yuxarı

​AEBA-nın baş direktoru İrana səfər edəcək

Vyanada agentliyin 59-cu toplantısı başlayıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Yaxın 3-4 gün ərzində Atom Enerji üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Yukia Amano Tehrana səfər edəcək.

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin atom enerji təşkilatının sədri Əli Əkbər Salehi Vyanada agentliyin baş direktoru ilə görüşdən sonra bildirib.

Ə.Salehi Avstriya paytaxtında Y.Amano ilə imzaladığı anlaşmanı çox yüksək qiymətləndirib.

Qeyd edək ki, ötən gün Vyanada AEBA-nın 59-cu toplantısı başlayıb.

İranın atom proqramına münasibət bildirən Yukia Amano bir neçə gün öncə bildirmişdi ki, bu ilin iyulunda nüvə proqramı üzrə İranla "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında yekun razılıq sənədi imzalansa da, Tehranın atom proqramının dinc məqsədli olmasına təminat verə bilmirlər. Baş direktor onu da demişdi ki, iyul müqaviləsinə uyğun olaraq İran əlavə protokolun icrasına başlaması ilə bağlı öhdəlik götürüb. O, İranın nüvə proqramının keçmişdə hərbi yönümlü olmasına aydınlıq gətirilməsi üçün tərəflərin yeni "yol xəritəsi"nin icrasına başladığını söyləyib: "Bu, "altılıq"la İran arasında əldə edilən müqavilənin şərtlərinin icrası üçün vacibdir".

Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi