Yuxarı

ABŞ İrandakı hakimiyyətə qarşı müxalifətin üzvlərini İraqdan çıxarıb

İran hakimiyyəti bu təşkilatı terrorçu sayaraq, onları münafiq adlandırır

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ-ın sərnişin təyyarəsi İran Xalq Mücahidlər Təşkilatının (İXMT) üzvlərini İraqdan çıxarıb.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, onlar Albaniyaya yerləşdirləcəklər.

Bildirilib ki, ABŞ bunu BMT-nin Qaçqınların işi üzrə Komissralığı ilə birlikdə həyata keçirib.

İran hakimiyyəti bu təşkilatı terrorçu sayaraq, onları "münafiq" ("ikiüzlü", "riyakar" anlamında) adlandırır.

İXMT İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İXMT-nin minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı "Əşrəf" hərbi düşərgəsində cəmləşib.

"Əşrəf " düşərgəsi İraqın Diyala əyalətində, Xalis şəhərinin şimal-şərqində, İran sərhədindən təqribən 120 kilometr qərbdə və Bağdaddan 60 kilometr şimalda yerləşir. "Əşrəf" düşərgəsi İXMT lideri Məsud Rəcəvinin birinci həyat yoldaşı, şah hakimiyyəti illərində məhbus həyatı yaşamış Əşrəf Rəcəvinin xatirəsinə adlandırılıb. Məsud Rəcəvinin indiki həyat yoldaşı mücahidlərin başçılıq etdiyi Milli Müqavimət Şurasının sədri Məryəm Rəcəvidir.

ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamam tərk-silah edilərək "Əşrəf" düşərgəsində Birləşmiş Ştatlar ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb.

Xatırladaq ki, İranda Məhəmməd Rza şah Pəhləvi rejiminə qarşı savaşan təşkilatın adı sonralar qərbdə terrorçu təşkilatlar sırasına salınıb. Ancaq sonra Avropa Birliyi və Böyük Britaniya İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi