Yuxarı

Azərbaycan helikopteri Abastumani bölgəsində yanğının söndürülməsində iştirak edir

Azərbaycan helikopteri Abastumani bölgəsində yanğının söndürülməsində iştirak edir
Səhər saatlarından helikopterlər Abastumani meşəsində işi bərpa edib

Bakı. 31 avqust. REPORT.AZ/ Gürcüstanda Abastumani meşəsində baş verən yanğının söndürülməsi məqsədi ilə səhər saatlarından helikopterlər yenidən işi bərpa edib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, təbii fəlakət bölgəsində yanğının söndürülməsi işlərinə iki Gürcüstan helikopteri, bir Ukrayna təyyarəsi və Azərbaycan helikopteri cəlb olunub.

Eyni zamanda, Türkiyənin bir helikopteri artıq Gürcüstandadır və bu gün Türkiyədən daha bir helikopter və təyyarənin, eləcə də İrandan helikopterin gələcəyi gözlənilir.

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili jurnalistlərə bildirib ki, Abastumani meşəsində yanğın Tsaqveridəkindən daha erkən söndürüləcək.

Qeyd edək ki, 2017-ci ilin yayında Gürcüstan ərazisində bir sıra yanğınlar olub. Bunlardan ən böyüyü Daba kəndi yaxınlığındakı Borjomi-Xaraqauli meşəsində baş verib. Yanğını 6 günə söndürüblər. İlkin məlumatlara görə, 100 hektardan artıq sahə yanıb. Yanğının söndürülməsində Gürcüstana qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə kömək ediblər.

Borjomi-Xaraqauli meşəsində yanğını lokallaşdırdıqdan sonra Gürcüstanın daha iki bölgəsində - Kaxeti və Samtsxe-Cavaxetidə yeni yanğınlar baş verib. Azərbaycan tərəfi növbəti dəfə yanğının söndürülməsi üçün yardım göndərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi