Tbilisi. 28 yanvar. REPORT.AZ/ “Siyasi reallıq ondan ibarətdir ki, Gürcüstan, böyük ehtimalla, hələ də NATO-ya üzvlük üçün Fəaliyyət Planını (MAP) ala bilməyəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Gürcüstan NATO-nun qapısına yaxınlaşıb və o, açılmalıdır: “NATO Gürcüstanı pozitiv qarşılayır, çünki ölkə üzvlük üçün tələb olunan bütün parametrlərə uyğun olaraq, Alyansa qoşulmağa hazırdır. Biz NATO-nun qapısındayıq və həmin qapı açılmalıdır. Lakin biz realist olmalıyıq. Siyasi reallıq ondan ibarətdir ki, biz hələ MAP-ı əldə edə bilməyəcəyik. Halbuki, bu tələb tərəfimizdən daimi olaraq qaldırılmalıdır”.
S.Zurabişvili qeyd edib ki, Gürcüstana daha çox NATO, daha çox təhlükəsizlik və daha çox əməkdaşlıq lazımdır və ölkə Alyansın buna hazır olduğunu görür.
Qeyd edək ki, NATO-ya üzvlük üçün Fəaliyyət Planı namizəd ölkənin Alyansa daxil olmasına hazırlanmasına yönəlmiş proqramdır.