Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Yerevan şəhərindəki etiraz aksiyaları zamanı Ermənistan polisi 59 nəfəri saxlayıb.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Eyni zamanda "Mənim addımım" təşəbbüsünün lideri, Vətəndaş Sazişi Partiyasının rəhbəri Nikol Paşinyan bildirib ki, bu gün Yerevandakı Respublika meydanında genişmiqyaslı mitinq keçiriləcək.
***10:35
Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanda polis ilə etirazçılar arasında toqquşmalar yenidən başlayıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, toqquşmalar paytaxtın Alabyan və Arzumanyan küçələrinin kəsişməsində baş verir.
Müxalifətdə olan Vətəndaş Sazişi Partiyasının lideri və parlamentin deputatı Nikol Paşinyan jurnalistlərə bildirib ki, polis onun 30-a yaxın tərəfdaşını saxlayıb.
***08:42
Ermənistan polisinin xüsusi bölmələri paytaxt Yerevanda etirazçıların bağladığı mərkəzi prospekti açmağa çalışır.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, polis etirazçıları səkiyə sıxışdırıb. Asayiş keşikçiləri bir neçə aksiyaçını polis avtomobilinə dolduraraq aparıblar.
Aksiyanın iştirakçıları sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə narazılıq edərək, Yerevanın mərkəzi küçələrini bağlayıblar.
Daha əvvəl aksiyanın rəhbəri, parlamentin deputatı Nikol Paşinyan bildirib ki, aksiyaçılar çərşənbə axşamı baş nazir vəzifəsinə müzakirələrin və səsvermələrin keçiriləcəyi parlamentə bütün giriş yollarını bağlayacaqlar. O, gecə mərkəzi küçələri bağlamağı təklif edib.