“Sinan Oğanın mayın 28-də keçiriləcək səsvermədə prezident Ərdoğana dəstək verməsi onun millətini, dövlətini sevməsinin bariz göstəricisidir”.
Bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş kəşfiyyatçısı, Aprel döyüşləri və Vətən müharibəsi qazisi Vüsal Paşazadə deyib.
“Mən Türkiyə vətəndaşı deyiləm, ona görə də qardaş ölkədə keçirilən prezident seçkilərində səs vermək hüququm yoxdur. Lakin Allaha dua edirəm ki, seçkilərdə AK Parti sədri, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilsin”, - o, vurğulayıb.
Vətən müharibəsi qazisi əlavə edib ki, prezidentliyə keçmiş namizəd Sinan Oğanın mayın 28-də keçiriləcək səsvermədə prezident Ərdoğana dəstək verməsi onun milliyyətçi olması, dövlətini sevməsinin bariz göstəricisidir: “Ümumiyyətlə kim ki türkçülüyü, xalqını, millətini sevir, hər iki qardaş ölkənin qələbələrinə ürəkdən sevinir Rəcəb Tayyib Ərdoğana səs verəcək. Mən sözügedən məsələdə bu cür düşünürəm”.
Keçmiş XTQ mənsubu xatırladıb ki, Türkiyə bu gün 90-cı illərdə Azərbaycana iki helikopter verməyən ölkədən Azərbaycana qardaş kimi dəstək göstərən ölkəyə çevrilib:
“Əgər Ərdoğan prezident kimi seçilməzsə, yenidən həmin vəziyyətin yaranacağını, iki qardaş arasında soyuq münasibətlərin olacağını düşünürəm və buna görə olduqca narahatam”.
V.Paşazadə vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan əsl türk oğlu olduğu üçün bütün türk və eyni zamanda İslam dünyasına dayaq olub, dəstək göstərib:
“Allah imkan versə və Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçkilərində qalib olarsa qurban kəsəcəm”.