Yunanıstanda qəzaya uğrayan Ukraynaya məxsus “An-12” təyyarəsi Banqladeşə 11,5 ton Serbiya silahı aparırmış, silahların Ukraynaya daşınması ilə bağlı məlumatlar qərəz və yalandır.
“Report” xəbər verir ki, bu sözləri Serbiyanın Baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç deyib.
Onun sözlərinə görə, təyyarə Serbiya istehsalı olan işıqlandırma və təlim minalarını daşıyırmış:
“Dünən bizim Niş aerodromumuzdan havaya qalxan An-12 təyyarəsinin Yunanıstanda qəzaya uğraması ilə bağlı müraciət edirəm. Söhbət Ukraynanın "Meridian" şirkətinə məxsus, MEM3032 quyruq nömrəli “Antonov-12” təyyarəsindən gedir. Təəssüf ki, qəza zamanı bütün səkkiz ekipaj üzvü həlak olub. Təyyarə yerli vaxtla saat 20:40-da (Bakı vaxtı ilə 22:40) Serbiyanın Niş şəhərindən havaya qalxıb və 11,5 ton müdafiə sənayesi məhsulumuzu tam səlahiyyətli alıcı kimi Banqladeş Müdafiə Nazirliyinə çatdırmalı idi”.
Serbiyanın müdafiə naziri bildirib ki, ölkə 2016-cı ildən Ukraynaya silah vermir.
Bu arada Yunanıstanın Müdafiə Nazirliyi nüvə və bioloji müdafiə bölüyünün mütəxəssislərini Ukraynanın An-12 təyyarəsinin qəzaya uğradığı yerə göndərir.
Mütəxəssislər təyyarənin göyərtəsində hansı maddənin olduğunu öyrənənə qədər yerli sakinlərdən pəncərə və qapıları bağlamağa çağırılıb. Hazırda iki partlayıcı mütəxəssis qrupu An-12-nin qəzaya uğradığı yerdədir.
Ukraynaya məxsus "Antonov An-12BK" yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Greek City Times" məlumat yayıb.
"Ukraynaya məxsus An-12 təyyarəsi Serbiyanın Niş hava limanından İordaniyanın paytaxtı Əmman şəhərinə uçarkən pilotun Tasos adasının cənubunda fövqəladə vəziyyət elan etməsindən sonra Yunanıstanın şimalında qəzaya uğrayıb. Təəssüf ki, təyyarə Kavala hava limanına çata bilməyib ", - nəşrin saytındakı məlumatda deyilir.
Hadisə zamanı yük təyyarəsində 8 nəfər olub. Onların taleyi barədə məlumat yoxdur.