Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarından bəhs edən “Sonsuz dəhliz” sənədli filmi ingilis və yerli dildə nümayiş olunub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevin mərkəzi kinoteatrlarından birində, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan nümayişə deputatlar, xarici diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, tarixçi-alimlər, ali təhsil ocaqlarının müəllim-tələbə heyəti, o cümlədən şəhər sakinləri qatılıb.
Nümayişdən əvvəl səfir Seymur Mərdəliyev 1992-ci il fevralın 26-sı gecə şaxtalı havada erməni quldur dəstələri və 366-cı sovet motoatıcı alayı tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və onun statistikası barədə məlumat verib. Daha sonra Xocalıdan xilas ola bilmiş sakinlərdən müsahibələr və sənədli kadrlardan ibarət olan filmin nümayişi zalda izdihamla qarşılanıb.
Filmin baş qəhrəmanı litvalı jurnalist Riçard Lapaitisin “Report”a bildirib ki, filmin çəkilişi böyük zərurət idi. “Film “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutub. Bütün bunlar Qarabağı canı və qəlbi ilə sevən Leyla Əliyevanın sayəsində ərsəyə gəlib. Çəkilişlər 4 il davam edib. Çəkiliş qrupu hətta Xocalı soyqırımının təşkilatçıları ilə danışa bilib. Bunun özü böyük risk, hətta mümkünsüz bir şey idi. Amma onların dilindən etirafları alıb sənədləşdirə biliblər. Filmin baş qəhrəmanı mənəm, mənim üçün çox çətin filmdir, çünki belə xatirələr adama çox pis təsir edir. Bu film böyük diqqət çəkib. Kiyevdə, Parisdə, Brüsseldə, Amsterdamda praktiki olaraq elə bir ölkə yoxdur ki, orada bu film nümayiş etdirilməsin, 500 milyondan çox insan bu filmə baxıb.
Bu gün Kiyevdə Ukrayna xalqına qarşı analoji soyqırımı baş verir. Məhz bu ərəfədə filmin nümayişi zamanı zal dolu idi, izləyicilər tam sükut içində idilər. Hər kəsə, rejissora, qəhrəmanlara təşəkkür edirəm”, - jurnalist əlavə edib.
Ukraynalı jurnalist Oleq Klemçuk isə “Report”a açıqlamasında bildirib ki, 80-ci illərin sonu 90-cı illərin başlanğıcında Qarabağda separatçılar baş qaldıranda informasiya qıtlığı vardı: “O illərdə mərkəzi mətbuat, yəni Moskva daha çox onlara sərf edənlərin yazılması üçün təzyiq edirdilər. Heç kim həqiqət barədə danışmırdı. Əslində, Qarabağda azərbaycanlı dinc insanlar təcavüzə məruzə qalır, öldürülürdü.
Bu baxımdan film çox qiymətli sənədli materialdır. Məni yenidən 30 il əvvələ qaytardı. İnformasiyaları yenidən yaşadım, amma həqiqi tərəfdən. Ümid edirik ki, bu hadisələrə görə məsuliyyət daşıyanlar cəzalarını alacaqlar”, - o vurğulayıb.









