Ukraynalı ekspert: “Ölkəyə hərbi yardımın göndərilməsi ilə bağlı problemlər mövcuddur”

Ukraynalı ekspert: “Ölkəyə hərbi yardımın göndərilməsi ilə bağlı problemlər mövcuddur” Son günlər Qərb ölkələrində baş verən bəzi siyasi dəyişikliklər Ukraynaya yardımların zəifləməsinə səbəb olub və bu da beynəlxalq müzakirələrə yol açıb.
Region
4 Dekabr , 2023 12:33
Ukraynalı ekspert: “Ölkəyə hərbi yardımın göndərilməsi ilə bağlı problemlər mövcuddur”

Son günlər Qərb ölkələrində baş verən bəzi siyasi dəyişikliklər Ukraynaya yardımların zəifləməsinə səbəb olub və bu da beynəlxalq müzakirələrə yol açıb.

Ukraynalı ekspertlər "Report"un Şərqi Avropa bürosuna hazırkı vəziyyəti şərh ediblər.

Ekspert Andrey Buzarov bildirib ki, noyabrın 22-də “Ramştayn” formatında keçirilən iclasda ABŞ, Kanada, Almaniya, Bolqarıstan kimi ölkələr silahların Ukraynaya göndərilməsi imkanlarının olduğunu bəyan ediblər: "Hələ ki, bu, bəyanatdır. Ümid edirəm Ukraynanın müttəfiqləri ölkəmizə silah tədarükünü dayandırmayacaq. Amma faktiki olaraq iki problemin mövcud olduğunu söyləyə bilərik".

Ekspert birinci problem kimi logistikanı göstərib. "Məsələn, Polşa vasitəsilə silah tədarükünə dair bəzi problem var. Amma Ukraynaya başqa ölkələr vasitəsilə silahlar göndərmək mümkündür: Macarıstan, Rumıniya, Slovakiya. Yəni logistik problemləri həll etmək mümkündür, amma ləngiyir", - Andrey Buzarov deyib.

Onun sözlərinə görə, ikinci problem, ABŞ-ın daxili siyasi vəziyyəti ilə bağlıdır: "Hazırda ABŞ-ın dövlət büdcəsindən Ukraynaya nə qədər yardım ayrılacağına dair qərarların qəbul edilməsində çətinliklərin olduğunu gördük. Amma bununla bağlı qərar qəbul edildi".

Onun fikrincə, Qərb ölkələrindən Ukraynaya tədarüklə bağlı bir məqama da nəzər yetirmək lazımdır: "Ukrayna Silahlı Qüvvələrinin tələbatları müharibənin uzanması səbəbindən daha da artır. Rusiyanın təzyiqi artır və bu ölkə vəziyyətə uyğunlaşır, müxtəlif vasitələrdən istifadə edir. Əlbəttə ki, biz də bu vəziyyətə uyğunlaşırıq. Odur ki, Qərb ölkələrindən olan müttəfiqlərimizə müvafiq vəsaiti ayırmaq üçün vaxt lazımdır".

Hərbi ekspert Dmitri Qromakov isə qeyd edib ki, Ukraynanın əks-hücum əməliyyatlarının baş tutmaması haqqında xəbərləri çox eşitmək olar: "Üstəlik, deyirlər ki, artıq danışıqlar aparmağın vaxtı yetişib. Amma bunu bir qayda olaraq siyasətçilər bildirirlər. Qərb ölkələrinin və NATO-nun hərbi ekspertləri isə fərqli fikirlər bildirirlər. Onların sözlərinə görə, hərbi əməliyyatların müddətini hesablamaq mümkün deyil", - ekspert deyib.

D.Qromakov hesab edir ki, bunun sadə səbəbi var: "Biz Ukraynaya yeni silah tədarükünün nə vaxt həyata keçiriləcəyini bilmirik. Əslində, düşmənin addımlarını da hesablamaq çox çətindir. Yayda həyata keçirilən hərbi əməliyyatlar bunu göstərib. O zaman Ukrayna hərbi texnikaları lazımi vaxt və miqdarda əldə edə bilmədi. Nəticədə düşmən üç müdafiə xəttində möhkəmlənə, əraziləri minalaya bildi. Bununla bizim ordumuzun irəliləməsini faktiki olaraq ləngidə bildi. Buna baxmayaraq, yayda Ukrayna cənub istiqamətində ərazisinin 50 kilometrini azad edib”.

Ekspert onu da bildirib ki, Ukrayna Dneprin sağ sahilində yeni mövqelər əldə edib: “Odur ki, hərbi əməliyyatların tamamilə uğursuz keçdiyini söyləmək də düzgün deyil, ordumuz əlindən gələni edir. Danışıqlara başlanılması ilə bağlı çağırışlara gəlincə, Ukraynada bunun üçün lazımi şərait formalaşmayıb. Düşmən mövqelərini gücləndirir və irəliləyir. Bəs Rusiya Ukraynadakı hazırkı hakimiyyətlə danışıqlara başlamağa hazırdırmı? Buna görə danışıqlarla bağlı məsələ məhz döyüş meydanında həll olunacaq".

O bildirib ki, Rusiya müharibə zamanı daha ciddi itkilərlə üzləşməsə, danışıqlara başlamayacaq: "Ukrayna ilə Rusiya arasında müharibə təkcə bu iki ölkə arasında savaş deyil. Bu, dünya düzəninə qarşı çağırışdır. Əlbəttə ki, Kiyev yalnız öz gücünün hesabına Ukraynadan təxminən 3 dəfə böyük olan Rusiyaya qalib gələ bilməz. Bu, bütün demokratik və azad dünyanın diktaturaya qarşı mübarizəsi olmalıdır. Bu vəziyyətdən çıxmağın yalnız bir yolu var. Biz birləşməli və qərar verməliyik ki, Rusiyanı danışıqlar aparmağa necə vadar etmək mümkündür. Ukraynanın bu müharibədə məqsədi budur: dövlətin, beynəlxalq hüququn qorunması və ərazi bütövlüyünün, suverenliyin bərpa edilməsidir. Beynəlxalq ictimaiyyət isə Rusiyanın taleyi ilə bağlı qərar verməlidir".

Son xəbərlər

Orphus sistemi