Ukraynalı deputat: "Ali Rada qarşısındakı aksiyalar daha çox hakimiyyət uğrunda mübarizəyə bənzəyir"

Ukraynalı deputat: "Ali Rada qarşısındakı aksiyalar daha çox hakimiyyət uğrunda mübarizəyə bənzəyir" Ukraynanın xalq deputatları "Report"un yerli bürosuna Ali Rada qarşısındakı mitinqin siyasi vəziyyətə təsirini şərh ediblər
Region
20 Oktyabr , 2017 16:46
Ukraynalı deputat: Ali Rada qarşısındakı aksiyalar daha çox hakimiyyət uğrunda mübarizəyə bənzəyir
Report

Kiyev. 20 oktyabr. REPORT.AZ/ Ukraynanın xalq deputatları Ali Radanın qarşısında keçirilən mitinqin siyasi vəziyyətə təsirini və hadisələrin mümkün inkişafını şərh ediblər.

"Batkivşina" Partiyasından olan xalq deputatı İqor Lutsenko "Report"un Ukrayna bürosuna bildirib ki, mitinq son bir neçə il ərzində hakimiyyətə təşkilatlanmış təzyiq göstərmək baxımından ən irimiqyaslı cəhd olduğundan ölkədəki siyasi vəziyyətə təsir edəcək: "Bu cəhd həqiqətən ictimai hərəkatlarda yeni liderlər üzə çıxarır, hakimiyyətin bu etirazları neytrallaşdırmaq bacarığını/bacarıqsızlığını göstərir. Spesifik hakimiyyət sistemimiz var və bu sistem hökumətin belə aksiyalardan "çəkinməsi"nin özəlliyini nümayiş etdirir". 

Onun sözlərinə görə, təşkilatçılar və nümayişçilər arasındakı əhval-ruhiyyə aksiyada səsləndirilən tələblərə görə on minlərlə insanın toplaşacağı etiraz potensialının olmadığını göstərir: "Avromaydan zamanı olduğu kimi, yüz minlərlə insanın toplaşmasından danışmıram belə. Çox güman, indi hakimiyyətin bütün imkanlarının yoxlanılması oldu və təşkilatçılar etirazları necə başa çatdırmaq barədə düşünürlər. Amma elə etməyə çalışırlar ki, bu, layiqli şəkildə olsun, daha "tələblərimizi yerinə yetirməklə bizə sədəqə verdilər və dağılışdıq" kimi görünməsin".

İqor Lutsenko

İ.Lutsenko aksiyanın davam etdirilməsi üçün səbəbin "dəyişdiriləcəyi"ni düşünür: "Amma bunun uğurlu olacağına şübhə edirəm. Baş verənlərin hamısını görürük: motivasiyalı çox sayda insan var, amma onlar hələ ümumukrayna tendensiyalarını təmsil etmirlər. Təşkilatçılar yeni nəsə fikirləşməsə, etiraz akiyası yatacaq. Amma hələlik bunun nə və ya necə olacağını təsəvvür edə bilmirəm".

Xviça Meparişvili

"Xalq Cəbhəsi" Partiyasından xalq deputatı seçilən Xviça Meparişvili "Report"un yerli bürosuna deyib ki, Ali Rada qarşısında keçirilən küçə nümayişləri islahatlar və real dəyişiklik uğrunda mübarizədən daha çox, erkən seçkilər və hakimiyyət uğrunda mübarizəyə bənzəyir: "Şübhəsiz, bu gün Ukraynada siyasi islahatlara ehtiyac var, lakin bu, bütün Ukrayna cəmiyyətinin konsensusuna çevrilməlidir. Ali Rada qarşısında müşahidə olunan radikal hərəkətlərə müharibə zamanı ehtiyacımız yoxdur. Əsas ölkədə islahatlar və ukraynalıların rifahının yaxşılaşdırılması üçün sakit, səmərəli və konstruktiv iş görməkdir. Sadə camaatı seçkilər yox, pensiyalar, maaşlar, iş yerləri, iqtisadiyyat maraqlandırır".

Sergey Melniçuk

"Şəxsən mən və parlamentdəki "Xalq Cəbhəsi" fraksiyamız deputat toxunulmazlığının ləğvini, Antikorrupsiya Məhkəməsinin yaradılmasını və seçki qanunvericiliyində islahatlar aparılmasını (etirazçıların əsas tələbləri məhz bununla bağlıdır - red.) dəstəkləyirik. Buna sübut bu gün yekdilliklə deputat toxunulmazlığının ləğvini, sonrakı qiymətləndirmə və ekspertiza üçün qanun layihəsinin baxılması məqsədilə Ukrayna Konstitusiya Məhkəməsinə göndərilməsini dəstəklədik", - X.Meparişvili vurğulayıb.

Radikal Partiyadan seçilmiş xalq deputatı Sergey Melniçuk isə "Report"un Ukrayna bürosuna etirazçıların tələblərinin yerinə yetirilməsi üçün azı bir il vaxt lazım olduğunu söyləyib: "Nümayişçilər istifadə olunduqlarını, sadəcə, başa düşmürlər. İmtiyazlar əldə etmək üçün prezidenti nümayişçilərlə qorxudurlar. Ölkədəki mürəkkəb vəziyyətdən istifadə edirlər. Amma hakimiyyətdə "yeni nəfəs"in olmasının zəruriliyi fikri ilə razılaşıram".

Son xəbərlər

Orphus sistemi