Bakı. 6 sentyabr. REPORT.AZ/ Ukraynanın Rivne vilayətinin Rokitnyanski rayonunda avtomobil qəzasında dörd ukraynalı politoloq və bir jurnalist ölüb.
"Report" xəbər verir ki, bu barədə ukraynalı siyasi ekspert Yuri Romanenko "Facebook" səhifəsində yazıb.
"Gecə Rivne vilayətində avtomobil qəzasında dörd politoloq - Aleksandr Maslak, Aleksey Kurinnoy, Aleksandr Nikanorov və Vladimir Karaqyaur ölüb. Deməyə söz tapmıram", - o yazıb.
Y.Romanenkonun sözlərinə görə, avtomobildə olan ictimai fəal, Ukraynada mərkəzləşdirmə üzrə mütəxəssis, Donetsk Hərbi-Mülki Administrasiyasının rəhbərinin keçmiş müavini Sergey Popov daha sonra reanimasiyada keçinib.
Ukrayna Milli Polsinin məlumatına görə, politoloqların getdiyi "Opel Omega" markalı avtomobil hələlik bilinməyən səbəblərdən qarşı yola çıxıb və "Daf" markalı yük maşını ilə toqquşub.