“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada işğalçı müharibəni davam etdirmək üçün əməliyyat komandanı təyin olunması bu ölkənin hərbi elitası daxilindəki çəkişmələrdən xəbər verir”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov deyib.
Onun sözlərinə görə, Rusiyada müəyyən kadr dəyişikliyi gedir: “Hazırkı proseslər əsas liderlər arasında qarşıdurmaya çevrilə bilən daxili münaqişədən xəbər verir. Unutmamalıyıq ki, Gerasimov Baş Qərargahın rəhbəridir. Bu, Rusiyanın müharibəyə diqqəti artırdığını göstərir”.
O.Danilovun fikrincə, qarşıdakı 2-3 ay həlledici olacaq: “İndi Rusiyada vəziyyət kifayət qədər gərgindir. Gələcəkdə daxili münaqişələr daha da arta bilər”. Putin təslim olarsa, hakimiyyət uğrunda mübarizə başlaya bilər”.
Şura katibi xatırladıb ki, indi Rusiyada ayrı-ayrı ordular var: “Məsələn, Kadırovun ordusu, Priqojinin ordusu, Rusiya Silahlı Qüvvələri... Putin xəstədir. O, zəifləyən kimi hakimiyyət uğrunda müharibə başlayacaq”.
Yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya indiyədək 111 170 nəfər itki verib.