Bu günədək heç bir beynəlxalq embarqo qərarı verilməsə də, Türkiyə bu qərarı ilə İsrailə ixraca qadağa tətbiq etmiş ilk ölkə oldu.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat
“Beynəlxalq ictimaiyyətə siqnal vermək məqsədilə İsrailə ixracımıza, xüsusən də mühüm mallara məhdudiyyət qoyduq. Bunu edərkən itkilərə önəm vermədik. Bizim üçün önəmli olan qəzzalıların zülmünə son qoymaqdır. Müəyyən etdiyimiz məhsullar İsrail üçün vacib məhsullardır”, – nazir qeyd edib.
Türkiyə ilə Fələstin arasındakı ticarətin İsrail gömrüyündən keçdiyini xatırladan məmur bu embarqodan Fələstinin də təsirlənəcəyinə diqqət çəkib. O, Fələstinin iqtisadiyyat naziri Məhəmməd Əl-Amurun telefon danışığı zamanı bu qərara görə Ankaraya minnətdar olduğunu vurğulayıb:
“Onlar Türkiyədən Fələstinə ticarətin bu qərardan təsirlənə biləcəyinə baxmayaraq, bu qərarın əsas məqsədinin İsrailin təcavüzünü dayandırmaq, dərhal atəşkəs əldə etmək və Qəzzaya humanitar yardım karvanlarının keçməsini təmin etmək olduğunu bildiklərini çatdırıblar və bunun üçün təşəkkürlərini bildiriblər”.
Ticarət naziri həmçinin Türkiyənin guya İsrailə döyüş təyyarəsi yanacağı göndərməsinə dair yayılmış məlumatları təkzib edib:
“Türkiyədə aviasiya yanacağı satan iki özəl yanacaq şirkəti var. İsraildən Türkiyəyə çoxlu turist gəldi. Mülki reyslər bir müddət davam etdi. Uçuşlar bir neçə ay öncə ləğv edildi. İsrailə satılan yanacaq turist gətirən İsrail aviaşirkətlərinin təyyarələrinə satılan yanacaqdır. Türkiyəyə gəlirlər, qayıtmaq üçün benzin alırlar. Bu, Türkiyənin ixracatı olaraq qeydə alınır”.
“Təyyarə yanacağı iddiası böyük böhtandır”, – o vurğulayıb.
Xatırladaq ki, Türkiyə aprelin 9-dan Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına sanksiya tətbiq edib.