​Türkiyənin İraqdakı hərbi bazasının görüntüləri yayılıb

​Türkiyənin İraqdakı hərbi bazasının görüntüləri yayılıb İraqın baş naziri Heydər əl-İbadi Türkiyədən 48 saat ərzində ölkədən hərbçilərini çıxarmasını tələb edib
Region
7 Dekabr , 2015 15:01
​Türkiyənin İraqdakı hərbi bazasının görüntüləri yayılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi Türkiyədən 48 saat ərzində İraq ərazisindəki hərbçilərini çıxarmasını tələb edib. 

"Report" xarici mətbuata istinadən verdiyi xəbərə görə, İraq hökumətinin başçısı bildirib ki, Türkiyə ordusunu Mosulun şimalındakı Başika bölgəsindən çıxarmayacağı halda, BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklər. O qeyd edib ki, bununla yanaşı, mümkün bütün vasitələrdən istifadə edəcəklər.

Mosulun keçmiş valisi Esil Nuceyfi bildirib ki, türk əsgərlərinin bölgəyə gəlməsini Heydər əl-İbadi xahiş edib. Onun sözlərinə görə, yaxın 20 gündə bölgədə önəmli hadisələr olacaq.

Baş nazir ötən gün yaydığı yazılı açıqlamada bildirmişdi ki, Türkiyə ordusu ölkə hökumətinə məlumat vermədən İraq ərazisinə daxil olub: "Türkiyədən heç bir kömək istəməmişik".

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri isə Türkiyə hərbçilərinin bölgəyə daxil olması haqda öncədən məlumatlandırıldıqlarını bildiriblər.

Xəbərdə qeyd edilib ki, Türkiyə Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatına hazırlıq məqsədilə həmin ərazidə 30 min əsgəri üçün baza yaradıb. Həmin hərbi bazaya 25 tank, 13 yerlik 37 avtomobil, 18 kiçik və 14 böyük ölçülü zirehli maşın, çoxlu sayda təcili tibbi yardım abtomobili, su çənləri, yük maşınları göndərilib.

İnformasiyaya əsasən, Türkiyə Silahlı Qüvvələri 2 ildir həmin ərazidə İraqın şimalındakı kürd silahlılarına İŞİD-ə qarşı mübarizə üçün təlim keçir.

Dekabrın 6-da Türkiyənin 6 min hərbçisi Başikada yerləşdirilib. Daha iki min hərbçi isə həmin əraziyə yola düşüb. Başikadan başqa, Zelkan rayonunda da hərbi düşərgə salınacağı bildirilib.

Məlumata görə, 8 min türk əsgəri İraqın Ərbil, Zaho, Dohuk, Batifa, Süleymaniyyə və Amadiye rayonlarında da yerləşdiriləcək.

Xatırladaq ki, Mosul əyaləti İŞİD-in nəzarəti altındadır. Başika isə bu terrorçu qruplaşmanın mövqelərindən 10 km aralı yerləşir. İŞİD Başikanın adını dəyişdirərək "Dua" adlandırıb.

Son xəbərlər

Orphus sistemi