Türkiyədə yardım və xilasediciləri qəbul edən hava limanından REPORTAJ

Türkiyədə yardım və xilasediciləri qəbul edən hava limanından REPORTAJ Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə hazırda dünyanın çox ölkələrindən Türkiyəyə humanitar yardımlar daxil olur.
Region
8 Fevral , 2023 14:03
Türkiyədə yardım və xilasediciləri qəbul edən hava limanından REPORTAJ

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə hazırda dünyanın çox ölkələrindən Türkiyəyə humanitar yardımlar daxil olur.

Bu barədə "Report"un Qaziantep Hava Limanına ezam olunmuş əməkdaşı məlumat verir.

Türkiyəyə gələn yardımların əsas qismi zəlzələ bölgəsindəki Qaziantep Hava Limanı vasitəsilə çatdırılır. Çünki bu hava limanı hazırda ən əlverişli vəziyyətdədir. Ərazidə olan Qaziantep valisinin müavini Muhammet Önerin "Report"un Türkiyə bürosuna verdiyi məlumata görə, Adana Hava Limanı təbii fəlakət nəticəsində dağıntıya məruz qaldığından, həmin aeroport qismən fəaliyyət göstərir.

M.Öner bildirib ki, Türkiyəyə göndərilən humanitar yardım və xilasedici qrupların olduğu təyyarələr məhz Qaziantep Hava Limanına eniş edir:

"Yardımlar Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsinə göndərilir. Xilasedici qruplar oradan koordinasiya olunaraq zəlzələdən zərər çəkən bölgələrə ezam olunur, humanitar yardımlar paylanılır".

Hava limanında olduğumüz müddətdə Fransadan 64, Almaniyadan 50, Monqolustandan 42, Tunisdən 41 humanitar heyət, İslandiyadan 11 koordinator heyəti hava limanından qəbul olunub.

Hava limanından verilən məlumata görə, gün ərzində hər yarım saatdan bir dünyanın müxtəlif ölkələrindən təyyarələr eniş edir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici ölkələrdən gələn təyyarələr ilk mərhələdə İstanbulda nəzarətdən keçirilir, sonra Qaziantep Hava Limanına eniş edir.

Qeyd edək ki, fevralın 6-dan indiyədək Azərbaycandan qardaş ölkəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Belə ki, zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyop Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, bu gün Heydər Əliyev Fondunun da qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardımın Qaziantep Hava Limanında qəbul ediləcəyi gözlənilir.

Əməkdaşımızın verdiyi məlumata görə, hazırda zəlzələ baş verən ərazilərə gediş-gəliş son dərəcə çətindir. Qaziantep avtovağzalı fəaliyyətdə deyil, hava limanında həddən artıq sıxlıq var, Qaziantepdən başqa istiqamətə uçuşlar çətinləşib.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04.17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda isə yerli vaxtla saat 13.24-də 7,6 bal gücündə zəlzələ olub. Bundan başqa yerli vaxtla 04.26-da Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04.36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 bal gücündə təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi