Bakı. 10 may. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətində baş vermiş terror aktı nəticəsində yaralananların sayı 45 nəfərə çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyinin yaydığı açıqlamada qeyd olunub.
Məlumata görə, hadisədə 12-si polis, 33 nəfəri mülki vətəndaş olmaqla, 45 nəfər yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların bəzilərinin durumunun ağır olduğu bildirilir.
*** 19:02
PKK terrorçularının Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror aktı nəticəsində 1 polis əməkdaşı həlak olub, ölənlərdən ikisi isə mülki vətəndaşdır.
Bundan başqa, yaralananlardan 9 nəfəri polis əməkdaşıdır. Digərləri isə polislərin nəzarəti altında sağlıq durumlarının yoxlanılması məqsədilə xəstəxanaya aparılan və antiterror əməliyyatları zamanı saxlanılmış şübhəlilər, o cümlədən mülki vətəndaşlardır.
*** 18:06
Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polis avtobusuna terrorçuların partlayıcı yüklənmiş avtomobil ilə hücumu nəticəsində xeyli adam yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İlkin məlumata görə, yaralananlardan 15 nəfəri polis əməkdaşıdır, digərləri isə hadisə yerinin yaxınlığından keçən mülki vətəndaşlardır.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb edilib.













