Türkiyədə seçki baryeri 10 %-dən 7 %-ə endirilə bilər.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası və hökuməti dəstəkləyən Millətçi Hərəkat Partiyası bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi üçün layihə hazırlayıb.
Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcının sözlərinə görə, tərəflərin ortaq məxrəcə gəldiyi təklif 15 maddədən ibarətdir:
“Ölkənin "Millət vəkili seçkisi haqqında" qanuna düzəliş edilməsinə dair təklifimizin birinci maddəsi seçki baryerinin 7 %-ə endirilməsidir".
Qeyd edək ki, 1980-ci ilədək Türkiyədə seçki baryeri mövcud olmayıb. Həmin il sentyabrın 12-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Kənan Evren hərbi çevriliş edib. Nəticədə ölkədə bütün siyasi, iqtisadi hüquqlar məhdudlaşdırılıb, Türkiyə Böyük Millət Məclisinin deputatlarının fəaliyyətinə son qoyulub.
Hərbi çevrilişdən sonra ilk parlament seçkisi 1983-cü ildə keçirilib (Turqut Özalın Ana Vətən Partiyası qalib gəlib). Seçkidən əvvəl qəbul olunan qanunla ölkədə 10 faizlik seçki baryeri müəyyənləşdirilib. Bunun nəticəsində Türkiyədə bir sıra separatçı, ultrasol baxışlı partiyaların parlamentə girişi əngəllənib.