Ərdoğan: "Türkiyənin sərhədi pozularsa, eyni cavabı bu gün də verərik"

Ərdoğan: "Türkiyənin sərhədi pozularsa, eyni cavabı bu gün də verərik" Türkiyə prezidenti: "Sizlər Əsədə kimyəvi silah verib, 1 500 nəfəri öldürtdünüz"
Region
26 Noyabr , 2015 17:07
Ərdoğan: Türkiyənin sərhədi pozularsa, eyni cavabı bu gün də verərik

Bakı. 26 noyabr. REPORT.AZ/ "Türkiyənin islamlaşdırılmasına cəhd edilir". Bu nə deməkdir? Türkiyə əhalisinin 99 faizi müsəlmandır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının toplantısında Rusiya prezidenti Vladimir Putinin "Türkiyə islamlaşdırılır" fikrinə münasibət bildirərkən deyib.

"Qafqaz, Orta Şərq, Balkanlar bizim tariximizdir. Oralarda yaşananlar dünyadakı ədalətsizlikdən qaynaqlanır. Adının qarşısında professor yazılır, ancaq bizi anlamır. Bunlar hadisələrə ideoloji gözlə baxırlar. Ölkənin maraqları baxımından məsələyə yanaşmırlar", - o vurğulayıb.

Türkiyə prezidenti ölkəsinin Moskvadakı səfirliyinin binasının daşlanmasına da münasibət bildirib: "Oradakı səfirliyimizi daşlayırlar. Bunları təsdiqləyirsinizmi?!"

R.T.Ərdoğan Rusiya liderlərinin Türkiyə ilə bağladıqları müqavilələri dayandıra biləcəkləri ilə bağlı verdikləri bəyanatlara belə cavab verib: "Layihələri dayandıra bilərik" - deyirlər. Siyasət adamları belə danışa bilərmi?! Bu məsələni dəfələrlə danışmışıq".

"İŞİD-in ən böyük dəstəkçisi Əsəd rejimidir. Sizin dəstəklədiyiniz Əsəd birbaşa İŞİD-ə dəstək verir. Deyirlər ki, Türkiyə İŞİD-dən neft alır. Belə deyilməsinə təəssüf edirəm. Bunu sübut edə bilməyənlər böhtançıdır. Bunu deyənlərə ayıb olsun. Biz təbii qaz və neftə olan ehtiyacımızın çoxunu Rusiyadan alırıq. Ondan başqa İrandan və Azərbaycandan idxal edirik. Ayrıca İraqın şimalından alırıq. Qətərdən idxal edirik. Sizlər Əsədə kimyəvi silah verib, 1 500 nəfəri öldürtdünüz. Bizim üçün terrorçu PKK, İŞİD, PYD-nin Əsəddən heç bir fərqi yoxdur ", - o vurğulayıb.

Suriyadakı türkmənlərin vəziyyətindən danışan Türkiyənin prezidenti deyib ki, onların haqlarını müdafiə edəcəklər: "Bir ayda 300-dən çox Bayırbucaq türkməni öldürülüb. İŞİD-ə qarşı Türkiyədən başqa savaşan yoxdur. Bu terror qruplaşmasının 800 üzvünü tutmuşuq. 140 vətəndaşımız şəhid olub".

O, Rusiya rəsmilərinin təyyarənin vurulması ilə bağlı verdikləri bəyanatları üzüntü ilə qarşıladıqlarını bildirib: "Rusiya ilə strateji ortağıq. Ona görə də Rusiyanı hədəf almaq üçün elə bir səbəb yoxdur. Bununla belə, Rusiya ilə müttəfiqliyimiz başqa, sərhədimizin pozulması ayrı məsələdir. Nə Rusiyaya, nə də başqa bir ölkəyə qarşı silahlı təpkimiz yoxdur. Türkiyənin sərhədi bu gün pozulsa, eyni cavabı bu gün də verərik".

Son xəbərlər

Orphus sistemi