Bakı. 10 yanvar. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin dəstə başçılarından biri Salih Müslim ABŞ-dan dəstək aldıqlarını bildirib.
“Report” "Kanal A Haber"ə istinadən verdiyi xəbərə görə, o, ABŞ-la əməkdaşlıq çox yaxşı şəkildə davam etdiyini söyləyib: "ABŞ Demokratik Suriya Qüvvələrinə (DSQ - PYD-nin nəzarət etdiyi qurum - “Report”) hərbi yardım edir. ABŞ-la DSQ arasında çox yaxşı əlaqə mövcuddur”.
Məlumatda bildirilib ki, PKK terror qruplaşması Suryanın şimalında PYD adı altında fəaliyyət göstərir. Bu terrorçu dəstə isə siyasi “təşkilat” kimi təqdim edilir. PKK-nın Suriyada fəaliyət göstərən başqa bir qanadı isə YPG-dir. Bu terrorçu qrupların ABŞ-la əlaqəsini quran isə aralarında ərəblərdən ibarət dəstələrin də olduğu DSQ-dir.
Qeyd edək ki, Türkiyə ABŞ-ı terrorçu PKK qruplaşmasının Suriya və İraqdakı qollarını, o cümlədən YPG və PYD-ni silah-sursatla təchiz etməkdə ittiham edir. Xəbərə əsasən, rəsmi Ankara ABŞ hakimiyyətinə bu iddianı təsdiqləyən sənədlər də təqdim edib. Rəsmi Vaşinqton isə bu iddiaları təkzib edir.
