"İranın özəl sektoru Ermənistanla ticarət imkanlarına etinasız yanaşır".
“Report” “Tahlil Bazaar”a istinadən xəbər verir ki, bunu Təbriz Ticarət Palatasının sədri Yunis Caeli Qafan şəhərində yerləşən İranın Ermənistandakı baş konsulu Mürtəza Abedin Vəramin ilə Təbrizdə keçirdiyi görüşdə deyib.
O, Ermənistanla ticarət imkanlarını yüksək qiymətləndirsə də, İranın özəl sektorunun bu ölkə ilə ticarət imkanlarına etinasız yanaşdıqlarını vurğulayıb: “Təəssüf ki, ticarət imkanlarının bir çoxu diqqətdən kənarda qalıb və bu ticarət əlaqələrini artırmaq üçün səylər göstərilməlidir”.
Mürtəza Abedin Vəramin İranın özəl sektorunu Ermənistan bazarına laqeyd münasibət göstərdiyi üçün tənqid edib.
Mütəxəssislər İran və Ermənistandakı mövcud siyasi-ictimai və iqtisadi istiqrarsızlığa görə bu ölkələrin bazarlarının da çox riskli olduğunu bildiriblər. Ona görə də rəsmi Tehran və İrəvanın iqtisadi ticarət əlaqələrini artırmaq istiqamətində cəhdləri uğursuzluqla nəticələnir. Yunis Caelinin münasibətlərə tənqidi yanaşmasının əsasında da bu faktorun dayandığı istisna edilmir.