Türkiyə Avropa Birliyi nazirinin müavini: "15 iyul yeni Türkiyənin doğum günü kimi tarixə yazıldı"

Türkiyə Avropa Birliyi nazirinin müavini: "15 iyul yeni Türkiyənin doğum günü kimi tarixə yazıldı" "Son hadisələr Türkiyənin öz mövqeyində nə qədər haqlı olduğunu bir daha göstərdi"
Region
18 İyul , 2016 16:23
Türkiyə Avropa Birliyi nazirinin müavini: 15 iyul yeni Türkiyənin doğum günü kimi tarixə yazıldı

İstanbul 18 iyul. REPORT.AZ/ "İyulun 15-i yeni Türkiyənin doğum tarixi kimi qeyd ediləcək". 

Bunu "Report"un Türkiyə bürosuna Türkiyə Avropa Birliyi nazirinin müavini Ali Şahin bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi istiqamətində atılacaq addımlar rəsmi Vaşinqtonun Ankaraya olan münasibətini göstərəcək:

"Əvvəlcə onu qeyd edim ki, prezident Rəcəb Tayyib Ərdogan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2013-cü il dekabrın 12-dən bəri ölkədə təhsil, hüquq, müdafiə, hərbi sahələrdəki qanunsuz təşkilatlanmalar və bu gizli fəaliyyətlərin başında duran Fətullah Gülənlə ciddi mübarizə aparır. Qarşı tərəf Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında aparılan mübarizə prosesinin ciddiyyətini anlayana qədər zaman ötür və Türkiyədə qorxunc hadisələrin şahidi oluruq. İyulun 15-də baş verənlər də bunun tərkib hissəsidir". 

Ali Şahin deyib ki, hələ AKP-nin hakimiyyət dövründən əvvəlki illərdə Fətullah Gülənin Türkiyə Silahlı Qüvvələri ilə bağlı tərəfdarlarını bir sıra qanunsuz fəaliyyətlərə sövq etdirdiyinə dair videoları var: "Ərdoğan hakimiyyətinin bu qanunsuz, gizli fəaliyyətlərə qarşı apardığı ciddi mübarizəyə rəğmən, sözügedən "paralel yapı" prosesi özünü Türkiyə Silahlı Qüvvələrində daha aydın şəkildə biruzə verdi. Nəticədə iyulun 15-də Ankara səmalarında hərbi təyyarələrin alçaqdan uçuşunu izlədik. Bu, Türkiyədə görülməmiş bir vəziyyət idi. Bunun ardından İstanbuldakı Boğaziçi körpüsünün hərbi güclər tərəfindən zəbt edildiyi xəbərini alınca bunun bir silahlı basqın olduğunu anladım. Dərhal bir sıra dövlət qurumlarıyla əlaqə saxladım. Millət vəkillərimiz, məsul şəxslərlə görüşümüzdə də bunun dövlətə qarşı hərbi çevrilişə cəhd planı olduğu qənaətinə gəldik. Qeyd edim ki, Türkiyə Silahlı Qüvvələrinin içində hərbi manevr adı altında aldadılmış bir çox günahsız əsgərlərimiz vardı".

O vurğulayıb ki, türk xalqı bu hadisələrlə böyük iradə, milli birlik, dövlətinə sədaqət, düşmənə qarşı müqavimət əzmini nümayş etdirdi: "Dövlət televiziyası TRT-nin xain hücumlara məruz qaldığı zaman prezident Rəcəb Tayyib Ərdoğanın internet vasitəsilə müraciəti ilə xalqımız ölkəsinin, dövlətinin gələcəyi və müdafiəsi naminə meydanlara axışdı. Oradakı əliyalın vətəndaşlarımızın Fətullah Gülən təşkilatına mənsub əsgərlərlə qarşıdurmalarının şahidi olduq. Hətta "bu tankı sürən öz millətimin əsgəridir" deyib tankın önünə keçən vətəndaşlarımızın tankların altında əzildiyini gördük. Türkiyənin hərbi çevrilişlərə dolu bir tarxi var. Amma belə qorxunc mənzərə heç yaşanmamışdı. Xalq Fətullah Gülən terror təşkilatının hər hansı bir dövlət quruluşuna əl qoyduğunu eşidincə dərhal oraya hücum edib, həmin bölgəni öz gücləri, iradələri ilə azad edirdilər. Beləliklə, xalqımızın böyük dəstəyi dövlət çevrilişi cəhdi baş tutmadı".

Ali Şahin bildirib ki, Türkiyədə yaşanan bu son hadisələrin Türkiyə cəmiyyəti üçün bir çox müsbət tərəfləri var:

"Türkiyədə dövlət içində dövlət yaratmaqda və Ərdoğan hakimiyyətinə qarşı bir çox gizli fəaliyyətlərdə baş iştirakçı Fətullah Gülənlə bağlı bir sıra tərəddüdlər var. Son hadisələrlə hər kəsin düşüncəsindəki qaranlıqlar aydınlaşdı. Artıq hər kəs əmindir ki, millətimzin qəsdində duran "Fətullah Gülən və paralel dövlət" anlayışı ölkəmizə həqiqətən bir təhdiddir. Əminəm ki, bu istiqamətdə yürütdüyümüz mücadilə ilə bağlı Avropa Birliyi rəhbərliyinin də şüuraltı düşüncələrində bəzi şübhələr var. İndi avropalı məsləkdaşlarım da reallığın şahidi oldular. Bildiyiniz kimi, hazırda da ölkəmizin dörd bir yanında vətəndaşlarımız milli iradələri ilə cümhuriyyətə, demokratiyaya sahib çıxaraq meydanları boş qoymurlar. Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyənin ən çətin sınaq qarşısında olduğu bir vaxtda dövlətin yanında yer aldılar. Millət vəkillərimizin TBMM binasının bombalandığı bir vaxtda həyatlarını risqə ataraq AKP millət vəkilləri ilə bərabər birlik-bərabərlik içərisinndə həll yollarının axtarışında olmaları ölkəmizin, millətimizin rifahı baxımından çox önəmli idi. Xalqımız seçdikləri iqtidarla bərabər dövlət çevrilişi təşəbbüsünü sabun köpüyü kimi yox etdi. 15 iyul Türkiyənin siyasi tarixindəki qanlı hadisələrə son qoyaraq yeni Türkiyənin doğum günü kimi tarixə yazıldı. Bu, Türkiyə Silahlı Qüvvələri içərisində faşist zehniyyətində olanlara qarşı da önəmli bir mesajdır. Artıq meydanlara çıxdıqlarında əllərindəki silahlarından - tanklardan, hərbi helkopterlərdən, təyyarələrdən daha güclü olan xalqın milli iradəsi ilə qarşılaşacaqlarını anladılar".

A.Şahin vurğulayıb ki, Türkiyənin istər Avropa Birliyi, istərsə də ABŞ-la əlaqələrində terror mövzusunda müəyyən fikir ayrılıqları var: "Son hadisələr Türkiyənin öz mövqeyində nə qədər haqlı olduğunu bir daha göstərdi. 200 nəfərə yaxın insanımızın həyatına son qoyan Fətullah Gülən təşkilatının gerçəkləşdirdiyi bu əməliyyat qanlı terror aktıdır. Bunun İŞİD və ya PKK-nın törətdikləri terror aktlarından heç bir fərqi yoxdur. Bu mənada Türkiyənin strateji ortağı olan ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təslim edilməsi kimi haqlı bir tələbi var. Bəli, düşünürəm ki, bu prosesdə atılacaq addımlar ABŞ-ın Türkiyəyə olan münasibətini əks etdirəcək. Avropa Birliyi ilə əlaqələrə gəlincə isə Türkiyənin Avropa ilə problemə çevrilmiş bir Şengen vizası sözləşməsi var. Avropa Türkiyədən İŞİD, PKK, DHKP-C, FETÖ kimi terror təşkilatları ilə bağlı baxışını dəyişməsini istəyir. Halbuki terrorla mübarizə siyasətində mövqeyini dəyişəcək tərəf Türkiyə deyil, Fransanın Nitsa şəhərində törədilən son terror aktını göz önünə gətirəcək Avropa olmalıdır. Bu baxımdan Türkyədə yaşanan son hadisələr avropalı dostlarımızın bizi anlaması üçün bir dönüş olacağı qənaətindəyəm".    

Son xəbərlər

Orphus sistemi