Tbilisidə şəhər bayramında Azərbaycan rəqsləri təqdim olunub - FOTO

Tbilisidə şəhər bayramında Azərbaycan rəqsləri təqdim olunub - FOTO Tbilisi. 7 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisoba” bayramı ilə bağlı şənliklər davam edir.
Region
1259
7 Oktyabr , 2018 16:27
Tbilisidə şəhər bayramında Azərbaycan rəqsləri təqdim olunub - FOTO
oto: "Report"

Tbilisi. 7 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Tbilisoba” bayramı ilə bağlı şənliklər davam edir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bayram çərçivəsində paytaxtın mərkəzi "Rike" parkında konsert proqramı təşkil olunub.

Proqramda Gürcüstanın milli rəqsləri ilə yanaşı, ölkədə yaşayan müxtəlif milli azlıqların rəqs və mahnıları da təqdim olunub.

Konsertdə Gürcüstanda fəaliyyət göstərən “Ceyran” rəqs ansamblı da çıxış edərək Azərbaycan xalq rəqslərini ifa edib.

Ansamblın solisti Nairə Paşayeva “Ceyran” ansamblı adından Tbilisi sakinləri və şəhərin qonaqlarını Azərbaycan və gürcü dillərində “Tbilisoba” bayramı münasibətilə təbrik edib.

Ansambl tamaşaçılar qarşısında “Odlar yurdu” və “İgidlər” rəqslərlə çıxış edib. Gənc azərbaycanlı qız və oğlanların ifaları şəhər sakinləri və əcnəbi qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

“Ceyran” ansamblının rəhbəri Ceyran Qurbanova “Report”a açıqlamasında bildirib ki, ansambl hər il “Tbilisoba” bayramında Azərbaycan milli rəqsləri ilə çıxış edir: “Bu il də Tbilisi meriyası bizi bayram çərçivəsində təşkil olunan konsertdə çıxış etməyə dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul etdik. Tbilisidə keçirilən əksər tədbir və festivallara qatılıb Azərbaycanın milli mədəniyyətini böyük həvəs və məsuliyyətlə tanıdırıq”.

Konsertdə Gürcüstanda yaşayan rus, assur, Ukrayna və digər etnik icmaları təmsil edən gənc ifaçılar və rəqs qrupları da çıxış ediblər. 

Son xəbərlər

Orphus sistemi