Tbilisi. 10 sentyabr. REPORT.AZ/ Ötən ilin dekabrında Gürcüstanın paytaxtı Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş David Saralidzenin atası Zaza Saralidze parlamentin binası qarşısında aclıq aksiyasına başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Z.Saralidze parlamentin qarşısında keçirdiyi etiraz aksiyası zamanı məlumat verib.
Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub.
Z.Saralidze deyib ki, onun əsas tələbi hökumətin istefası, müvəqqəti hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasıdır: “Mən bu gündən etibarən aclıq aksiyasına başlayıram. Ədalət bərpa olunmayanadək burada qalacağam”.
Qeyd edək ki, 2017-ci ilin dekbarın 1-də kütləvi dava zamanı Tbilisinin 51 saylı məktəbinin şagirdi David Saralidze ilə yanaşı, Levan Dadunaşvili də qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin iş üzrə qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olub. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlament binası qarşısında davamlı olaraq bir neçə kütləvi aksiya keçirilib. Məktəblilərin qətli ilə bağlı parlament istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib.