Tbilisidə Novruz bayramı qeyd olunub

Tbilisidə Novruz bayramı qeyd olunub Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Region
366
19 Mart , 2022 14:33
Tbilisidə Novruz bayramı qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Tbilisi Şəhər Şurasının rəhbərliyi və üzvləri, şəhər meriyasının nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze çıxış edərək ənənəvi Novruz şənliyində iştirakından böyük fəxr hissi keçirdiyini bildirib: “Tbilisi tolerantlığın ən yaxşı nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Hazırda çox çətin dövr yaşanır. Ukrayna xalqına sülh arzulayırıq”.

Onun sözlərinə görə, son illər ərzində dünya pandemiya və müharibə kimi bir sıra ciddi problemlərlə üzləşib: “Lakin dəyişməyən şeylər var ki, bunlar da bizim dostluğumuz və sevgimizdir. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva gürcülər və azərbaycanlılar arasında münasibətlərin dərinləşməsinə böyük töhfələr verir. Bu əməyinə görə ona böyük minnətdarlığımızı bildiririk”.

Daha sonra çıxış edən Azərbaycan səfirliyinin I katibi Anar Rəsulov soydaşlarımızı səfir Faiq Quliyevin adından Novruz bayramı münasibətilə təbrik edib. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən, min illərdən bəri əziz bayramı sevə-sevə yaşatdığını bildirib. Diplomat Gürcüstanın bölgələrində də bayrama həsr olunacaq şənliklərin keçiriləcəyini vurğulayaraq, bunun Gürcüstanın qədim multikultural ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıdığını deyib. A.Rəsulov Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Mərkəzin direktoru Leyla Əliyeva da çıxış edərək Gürcüstanın rəsmi şəxsləri ilə birgə Novruz bayramını qeyd etməkdən böyük məmnunluq ifadə edib: “Tbilisi sakrebulosu və meriyasına minnətdarlığımı bildirirəm. Sizin dəstəyiniz bizim üçün önəmlidir və biz bunu hər zaman hiss edirik. Novruz bayramı bahar, sevgi bayramıdır və təbiətin oyanışını təcəssüm etdirir. Bahar bayramını qeyd edən Türk dünyası ölkələrinə də təbriklərimizi çatdırırıq”.

Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib. Qonaqlar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.

Son xəbərlər

Orphus sistemi