Tbilisidə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib - FOTO

Tbilisidə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib - FOTO Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Region
10 May , 2019 23:40
Tbilisidə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib - FOTO
Foto: "Report"

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanda ulu öndərin doğum gününə həsr olunmuş silsilə tədbirlərin təşkil olunduğunu bildirib.

Diplomat deyib ki, H.Əliyev Azərbaycanı inkişaf yoluna qoymaqla yanaşı, həmçinin bütün Cənubi Qafqaz bölgəsini də dünyaya açıb: “Heydər Əliyev Gürcüstanla əməkdaşlığın qurulması və onun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması sayəsində Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Biz vahid bölgə olaraq dünyanın diqqətini cəlb edə və irimiqyaslı layihələri həyata keçirə bildik”.

D.Həsənov ümummilli liderin ad gününün dünyada yaşayan azərbaycanlılar üçün əsl bayram olduğunu qeyd edib: “Biz hər gün öz fəaliyyətimizdə Heydər Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə, həmrəyliyimizi daha da möhkəmləndirməyə, Azərbaycanı və bütün bölgəni irəli aparmağa çalışmalıyıq”.

Sonra çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində Heydər Əliyevin böyük rolu olub və o, Gürcüstanla münasibətlərin ümumi maraqlar çərçivəsində inkişaf etdirilməsinin tərəfdarı olub.

XİN rəsmisinin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasındakı sıx münasibətlər ticari-iqtisadi əlaqələrə də öz təsirini göstərib: “Son dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb və Gürcüstana səfər edən əcnəbilər arasında Azərbaycandan olan turistlər çoxluq təşkil edirlər”.

L.Darsalia xatırladıb ki, iki ölkənin iştirakı ilə nəqliyyat və energetika sahələrində mühüm layihələr həyata keçirilib: “Gürcüstan Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıdır”.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili çıxış edərək deyib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi dövrdə bütün Qafqaz ölkələri çətin durumda idilər: “Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycanı müasir dövlətə çevirdi və böyük nailiyyətlərə nail oldu. Onun təşəbbüsü ilə bölgədə həyata keçirilmiş layihələr ölkələrin sabit inkişafına zəmin yaradıb. Gürcüstan xalqı və siyasi elitası Heydər Əliyevi hər zaman hörmətlə anır”.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev çıxışında bildirib ki, Heydər Əliyev dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının ürəyində yaşayır və yaşayacaq.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın ümummilli liderinin daxili və xarici siyasəti, Gürcüstanla münasibətlərin qurulmasındakı böyük xidmətlərindən və Gürcüstan azərbaycanlılarına göstərdiyi böyük diqqət və qayğıdan söz açıblar.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, diplomatik korpusun nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, gənclər, Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, Gürcüstanda təlim-məşq toplantılarında olan Azərbaycanın voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların üzvləri də iştirak ediblər.

Azərbaycanın milli musiqi və mahnılarının səsləndirildiyi tədbirdə qonaqlar Azərbaycanın milli mətbəx nümunələrindən dadıblar.

Son xəbərlər

Orphus sistemi