Gürcüstanın azərbaycanlı icmasının sağlamlıq imkanları məhdud nümayəndələrinin üzləşdikləri çətinliklərdən bəhs edən “Mağiare” (Məni tanı) adlı sənədli film hazırlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, “Qırmızı körpü” qeyri-hökumət təşkilatının Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkdiyi ekran əsərinin Tbilisidə təqdimatı keçirilib.
Gürcüstanın Milli Parlament Kitabxanasının konfrans zalında baş tutan mərasimdə QHT-nin üzvləri, səfirliyin I katibi Anar Rəsulov, azərbaycanlı, gürcü gənclər, ictimai fəallar, hüquq müdafiəçiləri və ziyalılar iştirak ediblər.
Sənədli filmin əsas qəhrəmanları Kaxeti və Kvemo Kartli bölgəsində yaşayan fiziki əngəlli dörd soydaşımızdır. Onlar etnik azlıq və fiziki imkanları məhdud şəxslər kimi Gürcüstan cəmiyyətindən ikiqat təcrid olunduqlarını dilə gətiriblər, əsas tələbləri onlara qarşı dövlətin diqqət və qayğısının artırılması, tamhüquqlu vətəndaş kimi xidmətlərə əlçatanlığın təmin edilməsi, ətraf mühitin onların tələblərinə uyğun adaptasiya olunmasıdır.
QHT-nin sədri, jurnalist Ceyhun Məhəmmədəli “Report”a bildirib ki, sağlamlıq imkanları məhdud şəxslər bu gün diqqətdən daha çox kənarda qalıblar: “Filmin ərsəyə gətirilməsində əsas məqsəd həmin şəxslər və onları narahat edən məsələlərə diqqət cəlb etmək olub. Ekran əsərində yer alan Gürcüstanın parlament və Ombudsman Aparatının nümayəndələri də təsdiqləyirlər ki, fikizi imkanları məhdud şəxslərlə bağlı bir sıra problemli məsələlər mövcuddur və bu sosial həssas qrupa daxil olan etnik azlıq nümayəndələri isə ikiqat artıq problemlərlə üzləşirlər”.
C.Məhəmmədəli “Qırmızı körpü” təşkilatının yaranma məqsədi və fəaliyyət istiqamətləri barədə də məlumat verib. Onun sözlərinə görə, iki ilə yaxındır fəaliyyət göstərən QHT-nin əsas məqsədi azərbaycanlı və gürcüləri bir-birinə qarşılıqlı olaraq tanıtmaqdır:
“Təşkilatın adı da təsadüfi seçilməyib. “Qırmızı körpü” Gürcüstan və Azərbaycanı birləşdirən körpüdür. Bizim təşkilat da azərbaycanlı və gürcülər arasında körpü rolunu oynamağa çalışır. Təəssüflər olsun ki, hər iki milləti təmsil edən gənclər bir-birini yaxşı tanımır, bu da müəyyən stereotiplər və yalnış fikirlərin yaranmasına səbəb olur. Biz bir-birimizi nə qədər yaxşı tanısaq, qarşılıqlı baxışlar müsbətə doğru dəyişəcək. Bunun bir neçə müsbət nəticələri artıq var. Azərbaycanlı icmanın gənc üzvləri haqqında hazırladığımız videoçarxlar Gürcüstan ictimaiyyətində, hətta ölkə hüdudlarından kənarda da çox pozitiv qarşılanır”.
Təqdimat mərasiminin sonunda təşkilatın fəal üzvlərinə sertifikatlar təqdim edilib. Azərbaycan səfirliyi adından QHT-yə iki ədəd noutbuk hədiyyə edilib, biri “Mağiare” filminin gənc xanım qəhrəmanı üçün nəzərdə tutulub.