Tbilisidə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub

Tbilisidə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan dilinə həsr olunan tədbir keçirilib.
Region
21 Dekabr , 2019 16:53
Tbilisidə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan dilinə həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirinin ifa olunduğu videoçarx təqdim olunub.

Təqdimatdan öncə bu gün vəfat edən Azərbaycandilli “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdim olunan çarxda şeiri Gürcüstanın Azərbaycan icmasının 40-a yaxın fəal gənci, ziyalıları və azərbaycanlı uşaqlar söyləyiblər. Videoçarx Gürcüstan azərbaycanlılarının ölkədəki tarixi və mədəniyyətinə aid məkanlarda lentə alınıb.

Layihənin ideya müəllifi Samirə Bayramova bildirib ki, videoçarxın hazırlanmasında məqsəd Gürcüstan azərbaycanlıları arasında Azərbaycan dilinə olan rəğbətin yüksəldilməsi və gələcək nəsildə ana dilinə sevginin aşılanmasıdır.

O qeyd edib ki, çarxın ərsəyə gətirilməsinin digər məqsədi Gürcüstan azərbaycanlılarına məxsus milli-mənəvi dəyərlərin təbliğ edilməsi olub.

Tədbirdə ifaçılar, azərbaycanlı gənclər və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi