Tacikistanda 12 min nəfər amnistiyaya düşüb, 3 min məhbus azadlığa buraxılacaq

Tacikistanda 12 min nəfər amnistiyaya düşüb, 3 min məhbus azadlığa buraxılacaq Yusuf Rahmon: "Ömürlük azadlıqdan məhrum olunanlara bu qanun şamil edilməyəcək"
Region
24 Avqust , 2016 16:49
Tacikistanda 12 min nəfər amnistiyaya düşüb, 3 min məhbus azadlığa buraxılacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Tacikistan parlamenti ölkə müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Amnistiya Aktı qəbul edib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, amnistiya 12 min nəfərə şamil olunacaq. 

Layihəni Tacikistan prezidenti Emomali Rahmon parlamentin Aşağı Palatasına təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü dəstəkləyib və Amnistiya aktının lehinə səs verib.

İnformasiyaya görə, amnistiya müxtəlif cinayətlərdə şübhəli bilinənlərə, hazırda məhkəməsi gedənlərə və məhbuslara şamil ediləcək. Həbsxanalardan 3 min məhbus buraxılacaq. Dəyən ziyanın ödənilməsi şərti ilə amnistiya dələduzluğa və başqa maliyyə fırıldaqlarına görə məsuliyyətə cəlb olunanlara da şamil ediləcək.

Tacikistanın baş prokuroru Yusuf Rahmon bildirib ki, amnistiya dövlətə xəyanət, casusluq, terrorçuluq, xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi ağır cinayətlər törədənlərə şamil olunmayacaq. 

Onun sözlərinə görə, ömürlük azadlıqdan məhrum olunanlar da bu aktın təsiri dairəsinə düşməyəcəklər.

Qeyd edək ki, sentyabrın 9-u Tacikistanın müstəqilliyi günüdür. Bu müddət ərzində ölkədə 14 dəfə amnistiya elan edilib.  

Son xəbərlər

Orphus sistemi