Bakı. 30 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" ölkələrinin mədəniyyət nazirləri dekabrın 8-9-da Tbilisidə toplaşacaqlar.
"Report" Gürcüstan KİV-inə istinad xəbər verir ki, tədbir Avropa İttifaqının Şərqi Avropa mədəniyyət və yaradıcılıq proqramı, Tbilisi Şəhər İcra Hakimiyyəti və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi tərəfindən təşkil olunacaq.
Forum iştirakçıları "Şərq tərəfdaşlığı" proqramının öncül təcrübələrinin mübadiləsi imkanlarını, mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
Forum çərçivəsində həmçinin Şərq Tərəfdaşlığı regionunda yaradıcı sənaye inkişafı haqqında Tbilisidə memorandumunun qəbul edilməsi planlaşdırılır.
Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramının icrasına 2009-cu ildə başlanılıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.