Bakı. 17 oktyabr. REPORT.AZ/ "Proton-M" raket daşıyıcısı Türkiyənin "Türksat 4B" rabitə peykini geostasionar orbitə çıxarıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Oktyabrın 16-da Moskva vaxtı ilə saat 23:40-da Baykonur kosmodromundan start götürən "Proton-M" oktyabrın 17-də "Briz-M" start blokunun köməyilə "Türksat 4B" rabitə peykini nəzərdə tutulan orbitə çıxarıb", - Rusiya Kosmik Agentliyinin nümayəndəsi bildirib.
Kosmik aparat 36 min kilometr yüksəklikdə geostasionar orbitə çıxarılıb.
"Türksat 4B" Yaponiyanın aparıcı şirkəti "Mitsubishi Electric" (Melco) korporasiyası tərəfindən Türkiyənin peyk operatoru "Turksat Satellite Communication", "Cable TV and Operation A.S." üçün hazırladığı ikinci telekommunikasiya peykidir.
Yeni aparat Türkiyə, Avropa, Mərkəzi Asiya, Afrika və Yaxın Şərqdə yayım və genişzolaqlı xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. "Türksat 4B" yerdən 36 min km məsafədə geostasionar orbitdə, 50 dərəcə şərq uzunluğunda yerləşəcək.