Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyanın Suriyadakı qoşununun komandanı Aleksandr Dvornik Cənub Hərbi Dairəsi komandanının səlahiyyətlərinin icraçısı təyin edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində bildirib.
Onun sözlərinə görə, 2010-cu ildən Cənub Hərbi Dairəsinə komandanlıq edən Aleksandr Qalkin Müdafiə Nazirliyində xidmətini davam etdirəcək.
Məlumata əsasən, Cənub Hərbi Dairəsi Rusiyanın cənubunun müdafiəsi məqsədi ilə 2010-cu ildə yaradılıb. Dairənin baş idarəsi Rostov-Donda yerləşir. Ermənistandakı 102 saylı hərbi baza da bu dairəyə daxildir.
Cənub Hərbi Dairəsində 400 tank, minədək piyadaların zirehli döyüş maşını, 200-dən çox minaatan, 250-dən çox müxtəlif tip raket kompleksi var. Dairənin 26,5 min nəfərlik şəxsi heyəti var.