Rusiya Federasiyası maliyyə nazirinin keçmiş müavini və Mərkəzi Bank sədrinin birinci müavini Sergey Aleksaşenko cinayət maddəsi ilə axtarışa verilib.
“Report”un TASS-a istinadən xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında bildirilir.
“Sergey Vladimiroviç Aleksaşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumatda qeyd olunur. Aleksaşenkonun konkret hansı maddə üzrə axtarıldığı açıqlanmır.
Rusiya Federasiyasının daxili işlərinə xarici dövlətlərin müdaxiləsi faktlarının araşdırılması üzrə Dövlət Dumasının Komissiyasının rəhbəri Vasili Piskarev noyabrın 16-da ölkədə xarici agent kimi tanınan iqtisadçılar Sergey Quriyev və Sergey Aleksaşenkonun anti-Rusiya fəaliyyəti ilə əlaqədar Baş Prokurorluğa müraciət edib. Onun sözlərinə görə, həmin şəxslərin hərəkətlərinə cinayət əlamətləri, o cümlədən dövlətə xəyanət kimi baxıla bilər.
Daha əvvəl Piskarev, Stenford Universitetinin işçi qrupunda təmsil olunan Alexaşenkonun "ABŞ-a Rusiyaya getdikcə daha çox sanksiya tətbiq edilməsinə fəal kömək və dəstək verən" fəaliyyətinə Rusiya Cinayət Məcəlləsinin 284.2 (Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə çağırışlar) və 275-ci (dövlətə xəyanət) maddələri üzrə baxıla biləcəyini deyib.