Bakı. 24 aprel. REPORT.AZ/ Ermənistanda qulluq edən rusiyalı hərbçinin qətlində şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxacaq. "Report" TASS-a istinadən xəbər verir ki, məhkəmə onun barəsində qətimkan tədbiri müəyyən edəcək.
"Bu gün şübhəlinin saxlanılmasının 72 saatı tamam olur. Ona qarşı ittiham irəli sürülüb və məhkəmə qətimkan tədbiri kimi onun həbsi barədə məsələyə baxacaq", - Ermənistanın İstintaq Komitəsi (İK) bəyanatında deyilir.
Rusiyalı Dmitri Yalpayevin qətlində Ermənistan şimalındakı Stepanavan şəhərində yaşayan 20 yaşlı Arman Cancuqazyan şübhəli bilinir. O, cinayəti törətdikdən, demək olar, dərhal sonra polis tərəfindən saxlanılıb.
A.Cancuqazyan artıq sorğu-sual edilib və ifadəsini verib.
Qeyd edək ki, Ermənistandakı Rusiya hərbi bazasında xidmət edən 21 yaşlı sıravi əsgər Yalpaev aprelin 22-də birləşmələrin əsas hissəsinin yerləşdiyi Gümrüdə mağazaların birində öldürülüb. Ölüm hadisəsi boyun və baş nahiyəsinə kəsici-deşici alətlə yetirilmiş xəsarət nəticəsində baş verib.