Rusiyada son bir gündə 5 849 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada yoluxanların sayı 68 622 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 60 artaraq 615-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 5 568 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 957.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötüb. Bunların 750 092 nəfəri sağalıb, 191 086 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.