Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya Ukrayna ilə hava nəqliyyatı sahəsində bütün məhdudiyyətlərin qarşılıqlı olaraq ləğv edilməsini təklifi ilə çıxış edib. "Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, bu məsələ iki ölkə rəsmilərinin Brüssüldə keçirilən görüşündə gündəmə gəlib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Rosaviasiya" nümayəndələri, həmçinin, Kiyevdən Rusiyaya məxsus təyyarələrdə axtarış aparılmamasını və Krım yarımadasına uçuşlar təşkil edən şirkətlərin cərimələnməməsini istəyib.
Ukrayna nümayəndə heyətinin üzvləri isə ancaq tranzit reysləri ilə bağlı məsələni müzakirə etməyə hazır olduqlarını bildiriblər. Ukrayna tərəfinin təşəbbüsü əsasında baş tutan danışıqlar bu gün davam etdiriləcək.
Qeyd edək ki, rəsmi Kiyev tərəfindən 16 sentyabrda qəbul edilmiş sanksiya siyahısına Rusiyanın aviaşirkətləri də daxil edilib. Rusiyanın baş naziri Dmitri Medvedyev isə Nəqliyyat Nazirliyinə Ukrayna aviaşirkətlərinə qarşı cavab sanksiyalarının tətbiq olunması barədə tapşırıq verdi.
Bu səbəbdən "Rosaviasiya" oktyabrın 25-dən etibarən Ukrayna aviaşirkətlərinə Rusiyaya uçuşların qadağan olunması ilə bağlı xəbərdarlıq göndərmişdi. "Rosaviasiya"dan bildirmişdilər ki, uçuşlara tətbiq olunan bu qadağa Kiyev tərəfindən analoji qərarına ləğv edilməsinə qədər qüvvəyə qalacaq.