Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyanın Vladimir vilayətində ölkə ərazisində terror aktları törətməyi planlaşdıran və beynəlxalq terror təşkilatlarına üzv qəbulu ilə məşğul olanlarla əlaqəli olan 2 mərkəzi asiyalı zərərsizləşdirilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-dən məlumat verilib.
Bildirilib ki, saxlanılma prosesi zamanı onlar hüquq-mühafizə orqanları əməkdaşlarına ciddi silahlı müqavimət göstərib. Amma polis Mərkəzi Asiya regionu ölkələrindən birinin vətəndaşları olan 1991 və 1987-ci il doğumlu şəxsləri zərərsizləşdirib.
Onların əldəqayırma partlayıcı qurğu düzəltmək texnologiyasına maraq göstərdiyi bildirilib.
Əməliyyat-axtarış tədbirləri aparılan məkanda partlayıcı qurğu hazırlanması üçün istifadə edilən komponentlər, "AK-74" avtomatı, PM tapançası və sursat aşkar olunub.