Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiya Fransanı beynəlxalq məhkəməyə verir. Buna səbəb Fransanın "Mistral" tipli ilk desant helikopter daşıyıcısını Rusiya Hərbi Dəniz Donanmasına təhvil verməməsidir.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ölkəsi 6 ay içərisində Fransaya qarşı iddia qaldıracaq: "Biz Fransa ilə imzalanan anlaşmaya uyğun hərəkət edəcəyik. Əvvəlcə qarşı tərəfdən gəmilərin nə üçün təslim edilmədiyini soruşacağıq. Daha sonra 3-6 ay içərisində iddia qaldırılacaq".
Nazir deyib ki, artıq ilkin addım atılıb: "Yəni qarşı tərəfə gəminin nə üçün təslim edilmədiyi barədə sorğu ünvanlamışıq. Fransanın cavabından sonra növbəti addımı atacağıq".
Qeyd edək ki, 2012-ci ildə iki ölkə arasında imzalanmış 1.2 milyard avro dəyərində müqaviləyə əsasən, Fransa "Mistral" tipli ilk desant helikopter daşıyıcısını Rusiya Hərbi Dəniz Donanmasına 2014-cü il noyabrın 14-də təhvil verməli idi. Ancaq Fransa prezidenti Fransua Olland ilk "Mistral" gəmisinin Rusiyaya göndərilməsini dayandırmaq qərarına gəlib.