Bakı. 4 may. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin 560-dan çox hərbçisi 2015-ci ildən Suriyadakı hərbi əməliyyatlara cəlb olunub.
“Report” xəbər verir ki, bunu dairə qoşunları komandanı Aleksandr Dvornikov TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatlarda dairənin döyüş gəmilərindən terrorçu İŞİD qruplaşmasının mövqelərinin vurulmasında “Kalibr” qanadlı raketləri xüsusi rol oynayıb: “Hərbi polisə Tartus limanının təhlükəsizliyinin təmin edilməsi tapşırığı verilmişdi”.
Komandan bildirib ki, Suriyadakı münaqişənin aradan qaldırılmasında iştirak etmiş Cənub Dairəsinin 400-ə yaxın hərbçisi Rusiyanın orden və medalları ilə təltif olunublar. Hərbi təyyarəçi, polkovnik Rəfaqət Habibullinə isə ölümündən sonra Rusiya Qəhrəmanı fəxri adı verilib.
Qeyd edək ki, Rusiya Hərbi-Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlarda iştirak edir. 2017-ci il dekabrın 11-də isə Rusiya Prezidenti Vladimir Putin Xmeymimdəki hərbi bazada çıxışı zamanı Rusiya hərbçilərinin Suriyadakı əməliyyatları başa çatdırdıqları və qoşunların ixtisarına dair əmr verib.