Rusiya Ali Məhkəməsi Sergey Kirovun qətlində təqsirləndirilən 3 nəfərə bəraət verib

Rusiya Ali Məhkəməsi Sergey Kirovun qətlində təqsirləndirilən 3 nəfərə bəraət verib Rusiya Ali Məhkəməsi məşhur bolşevik Sergey Kirovun qətlinə görə səhlənkarlıqda təqsirli bilinən SSRİ Xalq Daxili İşlər Komissarlığının ("NKVD") üç zabitinə bəraət verib.
Region
6 aprel 2022 08:45
Rusiya Ali Məhkəməsi Sergey Kirovun qətlində təqsirləndirilən 3 nəfərə bəraət verib

Rusiya Ali Məhkəməsi məşhur bolşevik Sergey Kirovun qətlinə görə səhlənkarlıqda təqsirli bilinən SSRİ Xalq Daxili İşlər Komissarlığının ("NKVD") üç zabitinə 87 ildən sonra bəraət verib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 23 yanvar 1935-ci il tarixli Meçislav Baltseviç, Andrey Moseviç və Dionisi Yanişevskiyə qarşı çıxardığı hökm cinayət tərkibi olmadığı üçün ləğv edilir. İş üzrə müttəhimlərin bəraət hüququ tanınıb”, - məlumatda bildirilib.

Rusiya Baş Prokurorluğunun məhkəmədəki nümayəndəsi qeyd edib ki, S.Kirovun həyatına təhlükə barədə NKVD-nin məhəl qoymadığı məlumatı ruhi-əsəb xəstəsi qadın verib və “Leninqrad Terror Mərkəzi” təşkilatının qətldə təqsirli bilinən üzvləri sonradan bəraət alıblar. “İş materiallarında NKVD əməkdaşlarının hərəkətlərində səhlənkarlıq barədə obyektiv məlumat yoxdur”, - prokuror bildirib.

Eyni zamanda, o, idarəni bu iş üzrə məhkəməyə müraciət etməyə vadar edən səbəbləri məhkəmədə izah etməyib.

İş materiallarına görə, Baltseviç, Moseviç və Yanişevski S.Kirovun həyatı üçün təhlükə barədə məlumatlara məhəl qoymadıqlarına görə məhkum ediliblər. Onlar məşhur bolşevikin həyatına təhlükə olması barədə bəyanatı ciddi qəbul etməkdən imtina edərək S.Kirovu öldürməyə hazırlaşdıqlarını bildirən vətəndaş Volkovanı psixiatriya klinikasına göndəriblər.

1935-ci ildə Baltseviç cinayətin baş verməsindəki səhlənkarlığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzaçəkmə düşərgəsinə göndərilib. Moseviç və Yanişevski iki il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə ümumilikdə 12 müttəhim məhkum edilib.

Qeyd edək ki, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş 1-ci katibi, o zamankı Leninqrad (indiki Sank-Peterburq) vilayət Komitəsinin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü Sergey Kirov 1934-cü il dekabrın 1-də Leonid Nikolaev tərəfindən öldürülüb. S.Kirovun qətli SSRİ-də kütləvi repressiyaların başlanması üçün bəhanə olub.

Son xəbərlər

Orphus sistemi