Rotterdamın bələdiyyə sədri nümayişçilərə qarşı zorakılığa görə sorğu-sual edilib

Rotterdamın bələdiyyə sədri nümayişçilərə qarşı zorakılığa görə sorğu-sual edilib Əhməd Əbutaleb: “Türk gənclərin əllərində Türkiyənin bayrağı ilə dolaşıb, “Böyük lider” üçün toplaşdıqlarını söyləyəndə hürkdüm”
Region
18 mart 2017 06:46
Rotterdamın bələdiyyə sədri nümayişçilərə qarşı zorakılığa görə sorğu-sual edilib

Bakı. 18 mart. REPORT.AZ/ Niderland Krallığının Rotterdam şəhərinin bələdiyyə sədri Əhməd Əbutalebdən martın 12-də dinc aksiyanın atlı polis və itlərlə dağıdılması ilə bağlı parlamentdə sorğu-sual edilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, hadisələrin böyüməsinin qarşısının alınmamasına görə qınanılıb.

Məlumata görə, bələdiyyə sədri isə vəziyyətdən çıxmaq üçün günahı Türkiyənin Rotterdamdakı baş konsulu Sadin Ayyıldızda gördüyünü deyib: “Yanlış məlumat verildi. Vəziyyəti krallığın xarici işlər naziri Bert Koendersə danışdım”.

Xəbərdə bildirilib ki, sorğu-sual çox gərgin bir ovqatda keçib. Bələdiyyə sədrindən polisə etirazçılara odlu silahla atəş açmaq əmrini və sonradan bu barədə mətbuata niyə açıqlama verdiyini soruşublar.

O, bunu istəmədiyini, qərarı isə Fatma Betül Sayan Qayanı qorumaq məqsədilə verdiyini bildirib. Ə.Əbutaleb şəhərdəki türk gənclərin əllərində Türkiyənin bayrağı ilə dolaşıb, “Böyük lider” üçün toplaşdıqlarını söyləyəndə “hürkdüyünü” etiraf edib.

Xatırladaq ki, martın 12-də Hollandiya hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini krallığa buraxmayıb. O, Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumqabağı təbliğat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək istəyib.

Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb. Türkiyənin Rotterdamdakı Baş Konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib. Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.

Qeyd edək ki, Ə.Əbutaleb 1961-ci il avqustun 29-da Mərakeşdə anadan olub. 2009-cu il yanvarın 5-dən bələdiyyə sədridir. O, Hollandiyanın Leyboristlər Partiyasının üzvüdür.

İki türk deputat - Tunahan Kuzu və Səlcuq Öztürk 2014-cü il noyabrın 14-də Leyborist Partiyasının inteqrasiya siyasətinə səs vermədikləri üçün təşkilatdan çıxarılıb.

2012-ci ildə keçirilən seçkidə 38 deputat yeri qazanan Leyboristlər Partiyası martın 16-da keçirilən seçkilərdən sonra 29 yer itirərək parlamentdə 9 deputatla təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi