Bakı. 19 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Alamtı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu haqda vilayətin Daxili İşlər Departamenti məlumat yayıb.
İnformasiyaya əsasən, qəza avtomobil yolunun “Qərbi Avropa – Qərbi Çin” hissəsində sentyabrın 19-da gecə saatlarında baş verib.
“Almatı sakini olan 43 yaşlı qadının idarə etdiyi “Range Rover” avtomobili Aydarlı kəndi yaxınlıığında dəvə ilə toqquşaraq aşıb. Hadisə yerində sürücü-qadın, 3 sərnişin ölüb. Daha bir sərnişin isə xəstəxanda həyatını itirib”, - deyə departamentin məlumatında bildirilib.
Hadisə nəticəsində ölən dəvənin yiyəsi hələ ki, məlum deyil.
Departamentin məlumatında qeyd edilib ki, qəza baş verən yerdə yol-tikinti işləri başa çatmadığından nəqliyyat vasitələrinin həmin avtoyolla hərəkəti yasaqlanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.