Ermənistanın Apellyasiya Məhkəməsi prokurorun Baş nazir Nikol Paşinyanı avtomobil karvanında müşayiət edən və yolu keçən piyada Sona Mnatsakanyanı vuran sürücünün həbsi tələbi ilə bağlı şikayətini təmin etməyib, ağır qəza törətmiş sürücü sərbəst buraxılıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Raffi Aslanyan feysbuk səhifəsində yazıb.
“İlkin istintaqın görünən gedişatı göstərir ki, dövlət sifarişi çərçivəsində Sona Mnatsakanyanın və onun övladının ölümündə təqsirli bilinən şəxslərin cəzasız qalması, sübutların məhv edilməsinə qədər mümkün olan hər şey edilir”, - vəkil vurğulayıb.
Qeyd edək ki, hadisə bir neçə həftə əvvəl baş verib. Baş nazirin avtomobil karvanındakı nəqliyyat vasitələrindən biri yol hərəkət qaydalarını pozaraq, Sona Mnatsakanyanı vurub. Hadisə zamanı ağır xəsarət almış hamilə qadın ölüb.