Tbilisi. 25 may. REPORT.AZ/ “NATO Parlament Assambleyasının mayın 26-da Tbilisidə keçiriləcək yaz sessiyasında əsasən müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunacaq”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri İrakli Sesiaşvili mayın 25-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, 4 gün davam edəcək sessiyada demokratik inkişaf, enerji məsələləri, beynəlxalq əməkdaşlıq, dünyada gedən proseslər, terrora və separatizmə qarşı birgə mübarizə və s məsələlər diqqət mərkəzində olacaq. Sessiyanın sonunda müvafiq sənədin qəbul olunacağı gözlənilir.
İ.Sesisaşvili bildirib ki, NATO PA-nın yaz sessiyasına 600 nümayəndə, o cümlədən, quruma üzv olan 28 ölkənin, quruma daimi üzv olmayan 20 dövlətin parlament nümayəndə heyəti, assosiativ üzvlər və digər qonaqlar iştirak edəcəklər.