Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü şərəfinə Rusiya paytaxtı Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) “Azərbaycan” Sərgi və Ticarət Mərkəzində “Müasir Azərbaycan dövlətçiliyinin memarı” adlı sərgi keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycan Pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.
Pavilyonun direktoru Səadət Qədirova müasir Azərbaycanın formalaşmasında Heydər Əliyevin yüksək rolunu qeyd edib: “Heydər Əliyev Azərbaycanı bizim üçün qoruyub saxlaya bildi. O, ən çətin anda gələn, xalqı birləşdirən, müharibəni dayandırmağa nail olan və Azərbaycanı qoruyan insan idi”.
Pavilyon rəhbərliyi ümummilli liderin xarakterini əks etdirən fotoşəkillərini bir yerə toplayıb: “Bu fotolar Heydər Əliyevin xarakterini, onun mehribanlığı əks etdirir, statusuna baxmayaraq, o, həmişə həmsöhbətini dinləyən insan olub. O, dünya səviyyəli siyasətçi idi və bir baxışla və ya əl sıxmaqla rəqibin fikrini dəyişdirə və insanı özünə çəkə bilərdi”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova da ümummilli liderin Azərbaycan tarixindəki rolunu yüksək qiymətləndirib: “Rəssam öz əsərlərində, memar öz binalarında qalırsa, Heydər Əliyev də çiçəklənən Azərbaycanda qalacaq. O, çiçəklənən ölkəmizin əsasını qoyub”.
Giriş hissəsindən sonra qonaqlar Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin stendinə gül dəstələri qoyublar.
Sərgini Heydər Əliyev Fondunun nümayəndələri, Azərbaycan Respublikası səfirliyinin əməkdaşları, rusiyalı ekspertlər və Azərbaycan diasporunun nümayəndələri də ziyarət ediblər.