Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyəyə işgüzar səfərə gedəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyənin Alanya şəhərində Rusiya və Türkiyə prezidentlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 5-ci iclası keçiriləcək.
"İkitərəfli, regional və beynəlxalq məsələlərə dair dərin fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Suriyadakı, ümumilikdə Yaxın Şərq regionundakı vəziyyət müzakirə ediləcək. Beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəliliyin artırılması da diqqət mərkəzində olacaq. Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyətlə bağlı dialoq davam etdiriləcək" - M.Zaxarova vurğulayıb.
Bundan əlavə, S.Lavrov Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası və Türkiyənin Baş naziri Binəli Yıldırımın Moskvaya edəcəyi səfər çərçivəsində Rusiya və Türkiyə hökumət başçılarının görüşünün gündəliyi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.
M.Zaxarova bildirib ki, bu, 2015-ci il noyabrın 24-də Türkiyə-Suriya sərhədində baş verən insidentlə korlanan Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesinin başlamasından sonra Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun ilk iclası olacaq.