Litva Seymi Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

Litva Seymi Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb Kreml rejimi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırım kimi tanınmalıdır və Rusiya terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir
Region
169
10 May , 2022 13:16
Litva Seymi Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

“Kreml rejimi Ukrayna xalqını məhv etməyə çalışır, ona görə də bu cür hərəkətlər soyqırım kimi tanınmalıdır və Rusiya terrorizmi dəstəkləyən və həyata keçirən dövlətdir”.

“Report” xəbər verir ki, bu fikirlər Litva Seyminin qəbul etdiyi qətnamədə əksini tapıb.

Seym deputatları müvafiq qətnaməni yekdilliklə qəbul ediblər.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər.

Sənəddə vurğulanıb ki, məqsəd Ukrayna xalqını tam və ya qismən məhv etməklə ruhunu sındırmaqdır:

“Litva Seymi Rusiya Federasiyası Silahlı Qüvvələrinin və onun siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı 2022-ci il fevralın 24-də başlanmış genişmiqyaslı silahlı təcavüzünü Ukrayna xalqının soyqırımı kimi tanıyır”.

Həmçinin qeyd olunub ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın suveren Ukraynaya qarşı təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır.

“Silahlı Qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektləri bombardman üçün hədəf seçən Rusiya Federasiyası terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlətdir”, - qətnamədə vurğulanıb.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Son xəbərlər

Orphus sistemi