KİV: Türkiyə və İranın terrorçu PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları açıqlanıb

KİV: Türkiyə və İranın terrorçu PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları açıqlanıb Əməliyyatın üç ay davam etməsi nəzərdə tutulub
Region
22 Avqust , 2017 12:42
KİV: Türkiyə və İranın terrorçu PKK-ya qarşı birgə əməliyyat planının bəzi detalları açıqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə ilə İran terrorçu PKK qruplaşmasına qarşı İraqın Sincar bölgəsində və Kandil dağında 3 fərqli plan üzrə birgə əməliyyat həyata keçirməyi planlaşdırır.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu plan İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqirinin Türkiyəyə səfəri zaman müzakirə edilib.

Bu əməliyyat zamanı Şri-Lanka hakimiyyətinin “Tamil Pələngləri”nə qarşı apardığı mübarizədə istifadə etdiyi taktikadan yararlanmaq planlaşdırılır. 

Əməliyyatı keçirməkdə məqsəd terrorçu PKK qruplaşmasını tamamilə məhv etməkdir.

Xəbərdə bildirilib ki, M.Baqirinin Türkiyəyə səfəri ilə başlayan 7 maddəlik müzakirələr sentyabrın 5-dək davam edəcək. Həmin müzakirələr çərçivəsində Türkiyənin təhlükəsizliyi təmin edilərsə, onda oktyabrda Kandil əməliyyatı başlayacaq.

Əməliyyatın üç ay davam etməsi nəzərdə tutulub. Qruplaşma rəhbərliyinin məhv edilməsi əməliyyatın hədəflərindəndir.

Əməliyyatın üç mərhələli olması planlaşdırılır. İlk mərhələdə Türkiyə Silahlı Qüvvələri havadan Kandildə terrorçuların 48 hədəfini vuracaq. Bu mərhələ 8-10 gün sürəcək. İkinci mərhələdə 891 km uzunluğunda sərhədboyu quruda əməliyyat keçiriləcək.

Üçüncü mərhələyə isə qurplaşmanın rəhbərliyinin məhv edilməsi, terrorçuların Suriyaya keçməsinin qarşısının alınması daxildir.

İran əməliyyata 42 min hərbçi cəlb etməyi planlaşdırır.

M.Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib.

Qeyd edək ki, o, Türkiyədə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Xatırladaq ki, yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın da İrana səfəri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi