Kayrat Osmonaliyev: “Azərbaycanlıların təcavüzkarlığı qınamaları bizim üçün çox vacib idi"

Kayrat Osmonaliyev: “Azərbaycanlıların təcavüzkarlığı qınamaları bizim üçün çox vacib idi" “Biz hamımız – Yakutiyadan tutmuş Şimali Kiprə qədər Avrasiyanın geniş ərazilərində yaşayan Türk xalqları – Türk atamızın nəslindənik"
Region
3 May , 2021 13:37
Kayrat Osmonaliyev: “Azərbaycanlıların təcavüzkarlığı qınamaları bizim üçün çox vacib idi
Kayrat Osmonaliyev

“Ölkəmizin Tacikistan Silahlı Qüvvələri tərəfindən ağır silah və zirehli texnika tətbiqi ilə təcavüzə məruz qaldığı bu çətin sınaq günlərində xalqımıza mənəvi dəstək göstərmiş bütün azərbaycanlı dostlarımıza səmimi təşəkkürümü bildirirəm”.

Bu barədə “Report”a “Azərbaycanın qırğız dostları klubu” İctimai Birliyinin prezidenti Kayrat Osmonaliyev bildirib.

O, sərhəd kəndlərinin onlarla mülki vətəndaşının həlak olduğunu, yüzlərlə insanın yaralandığını, sərhəd postlarının, yaşayış binasının, inzibati və ticarət obyektlərinin dağıdıldığını və yandırıldığını qeyd edib.

“Bu günlərdə həm ölkəmizdə, həm də Azərbaycanda yaşayan azərbaycanlıların qardaşlıq həmrəyliyi nümayiş etdirərək, təcavüzkarlığı qınamaları və sülhə çağırmaları Qırğız Respublikasının çoxmillətli xalqı üçün çox vacib idi. Çox sağ olun, qardaş və bacılar”, – o deyib.

K.Osmonaliyev mayın 3-də Beynəlxalq Türk Həmrəyliyi Gününün qeyd olunduğunu da xatırladıb: “Biz hamımız – Yakutiyadan tutmuş Şimali Kiprə qədər Avrasiyanın geniş ərazilərində yaşayan Türk xalqları – Türk atamızın nəslindənik. Biz əslində eyni dildə danışırıq, tariximizdə, mədəniyyətimizdə, talelərimizdə bir çox ortaq nöqtələr var. Bu çətin anlarda, azərbaycanlılar kimi, qırğız qardaşlarına dərhal öz dəstəyini ifadə etmiş bütün türk qardaşlarımıza təşəkkür edirik. Gəlin əmin-amanlıq, sülh, əməkdaşlıq və bütün xalqlarımızın firavanlığı naminə həmrəyliyimizi və qarşılıqlı dəstəyimizi gücləndirək. Türk Həmrəyliyi Günün mübarək, böyük Türk dünyası!"

Son xəbərlər

Orphus sistemi